HAKİMİYYƏT VƏTƏNDAŞLARINA QARŞI QƏDDAR SİYASƏTDƏN ƏL ÇƏKMİR
Azərbaycan Xalq Cəbhəsi Partiyası Təzəxan Mirəlimlinin oğluna oxunan hökmlə bağlı bəyanat yayıb
17-02-2012 / 10:44
AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələminin 15 yaşlı oğlu Vasif ötən gün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib.
AXCP mətbuat xidmətindən FaktXeber.com-a daxil olan bəyanatda bildirilir ki, AXCP ölkə ictimaiyyətinin diqqətini bu hökmə çəkərək bir daha vurğulayır ki, Vasif Mirələmli və onunla insidentdə dünyasını dəyişən məktəbli Cavanşir Həsənilin həyatlarının normal axarını pozan hakim rejim və onun aqressiv siyasətidir.
Mirələmli və Həsənli ailələrinin üzləşdiyi bu bədbəxt və faciənin əsasında Əliyevçi hakimiyyətin öz opponentlərinə qarşı tolerantlıqdan uzaq aqressiyanı, qarşıdurmanı stimullaşdırması durur.
V.Mirələmiyə oxunan hökm göstərir ki, hakimiyyət öz vətəndaşlarına qarşı qəddar siyasətdən əl çəkmək fikrində deyil.
AXCP vətəndaşları, ictimai-siyasi birlikləri, ziyalıları hakimiyyətin siyasi ambisiya naminə ailələri hədəfləyən, onlara bədbəxtlik yaşadan hərəkətlərinin durdurulması üçün səy və müqavimət göstərməyə səsləyir.
AXCP hesab edir ki, vətəndaşlar arasında düşmənçilik, nifaq salmaq heç bir halda siyasi gücün və nüfuzun təsdiqi sayıla bilməz, əksinə bu cür əməllər siyasi qabiliyyətsizliyin və bəşəri dəyərlərdən uzaq düşüncənin əlamətidir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.