MÜHARİBƏNİ BAŞLAMAQ MƏQAMIDIR! - (Birinci yazı)
Azərbaycanın hərbi əməliyyatlara başlaması üçün Ermənistanın özü ciddi maneə deyil. Azərbaycan asanlıqla və az vaxt ərzində Ermənistanın işğalçı qüvvələrini məğlub edə, bütün ərazilərimizdən qovub çıxara bilər. Məsələnin çətinliyi xarici amillərlə bağlıdır. Burada beynəlxalq təşkilatların və böyük dövlətlərin müdaxilə ehtimalları nəzərdə tutulur. Beynəlxalq təşkilatlardan BMT və NATO-nun mövqeləri təsirli ola bilər. Bu qurumların müharibə başlayacağı təqdirdə hərbi müdaxiləyə əl atacaqları inandırıcı deyil. Azərbaycan işğala qarşı öz ərazisində hərbi əməliyyat aparırsa, buraya beynəlxalq qurumların hərbi müdaxiləsi üçün heç bir beynəlxalq hüquqi baza yoxdur. Bunu beynəlxalq ekspertlər də dəfələrlə bəyan ediblər. Beynəlxalq qurumların Azərbaycana qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq edə biləcəkləri mümkündür. Bu isə Azərbaycan üçün o qədər də qorxulu deyil, daxili imkanları səfərbər etməklə sanksiyaların təsirini minimuma endirmək mümkündür. Üstəlik digər beynəlxalq qurumun-İslam Əməkdaşlıq Təşkilatının dəstəyinə də ümid etmək olar. Bu təşkilat son dövrdə Qarabağ məsələsi ilə bağlı daha təsirli və əməli mövqe tutur.
Qarabağda müharibənin yenidən başlayacağı təqdirdə ABŞ və Avropa böyük ehtimalla müşahidəçi mövqe tutacaq və tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənəcəklər. Avropa İttifaqı və Avropa Şurası münaqişənin nizama salınması prosesindən tam kənardadırlar, məsələ ilə bağlı aydın mövqeləri yoxdur və hadisələrin gedişinə təsiretmə imkanlarına malik deyildirlər. Müharibənin başlanması ABŞ-ın bölgədə daha fəal mövqe tutmasına təkan verə, Rusiyanın hegemonluğuna son qoya bilər. Lakin heç bir beynəlxalq ekspert Vaşinqtonun hadisələrin gedişinə fəal müdaxilə edəcəyini proqnozlaşdırmır. Ağ Ev administrasiyası prezident seçkiləri ilində kəskin və təlatüm gətirə biləcək, suallar doğura biləcək addımlardan çəkinəcək. ABŞ Rusiyanın yeni bir qaynar məntəqəyə müdaxilə etməsində, yeni problemin içərisinə girməsində maraqlı olacaq. ABŞ ötən əsrin 90-cı illərindən sonra ilk dəfədir ki, Rusiyada şəraiti dəyişmək istiqamətində daha ciddi addımlar atmaq, mövcud siyasi rejimi dəyişdirmək və ya xeyli yumşaltmaq niyyətlərini aydın şəkildə nümayiş etdirir. Bunun üçün istənilən hadisə, o cümlədən Qarabağ münaqişəsinin yenidən alovlanması və Rusiyanın açıq müdaxiləsi katalizator rolunu oynaya bilər. Amerikada erməni lobbisinin təsir imkanları da xeyli zəifləyib. Prezidentliyə namizədlər uydurma “erməni soyqırımı” kartını əvvəllər olduğu kimi o qədər də ciddi və davamlı şəkildə yada salmırlar. ABŞ rəsmiləri isə hətta bu “soyqırım” oyunlarına qarşı çıxmaqdan çəkinmirlər. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ yeni Qarabağ müharibəsində tərəf tutmayacaq və müharibənin gedişində və sonunda yaranacaq yeni situasiyadan yararlanmağa çalışacaqdır.
Yeni Qarabağ müharibəsində Azərbaycan üçün ən böyük təhlükə Rusiya amili ilə bağlıdır. Rusiya özü və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində birbaşa və ya dolayısı ilə hadisələrin gedişinə müdaxilə edə bilər. Lakin hazırkı vəziyyətdə Rusiyanın hərbi müdaxilə imkanları o qədər də geniş deyil. Rusiya Avrasiya İttifaqı deyilən yeni regional inteqrasiya proseslərinə start verib. Azərbaycanla açıq qarşıdurma bu proseslərə əngəl törədə bilər. Bundan başqa Moskvanın Bakı ilə ciddi neft və qaz maraqları, Qəbələ RLS-i ilə bağlı istəkləri var. Azərbaycan hərbi əməliyyatları öz ərazisində başladığına, Ermənistan ərazisinə keçmədiyinə görə Kreml döyüş meydanına girmək üçün hüquqi bazaya malik olmayacaq və müdaxilə üçün ciddi bəhanələr axtarmalı olacaq. Rusiya Türkiyə ilə münasibətlərini korlamamaq üçün də Azərbaycana qarşı açıq hərbi müdaxilədən çəkinəcək. Rusiyanın məsələyə müdaxiləsi qarşısında ciddi hərbi-texniki problemlər də mövcuddur. Moskvanın Ermənistandakı hərbi bazaları geniş imkanlara malik, həmin bazanın möhkəmləndirilməsi oraya əlavə qüvvələrin gətirilməsi üçün isə quru yolu yoxdur, havadan Gürcüstan və ya İranın hərbi yüklər üçün dəhliz verəcəkləri mümkün deyil. Rusiya mənbələrinin yazdığına görə, həmin bazaların həm silah-sursatı, həm də yanacaq, sürtgü yağları ehtiyatları kifayət səviyyədə deyil, müharibə başlayandan bir həftə sonra ciddi çatışmazlıqlar yarana bilər. Rusiyanın daxili-siyasi vəziyyəti də Azərbaycan üçün əlverişlidir. Hakimiyyətin dayaqları çox zəifləyib, hakimiyyətdəkilər özlərini əvvəlki kimi rahat hiss etmirlər. Müxalifət görünməmiş dərəcədə fəaldır, kütləvi sosial bazaya malikdir. Müxalifət iqtidarın istənilən yanlış addımından bəhrələnməyə hazırdır, geniş kütlələr də qığılcıma bənddir. Rusiyanın Qarabağda müharibəyə girməsi və ilk həlak olanların meyitlərinin gəlməsi müxalifət üçün də, kütlə üçün də belə bir qığılcım rolunu oynaya bilər. Ona görə də hakimiyyətin belə bir riskə gedəcəyi ağlabatan deyil. Beləliklə, Rusiya heç vaxt olmadığı kimi əl-qolu bağlı vəziyyətdədir. Bu vəziyyətdən yararlanmasaq, bir də şansımız çətin ola. Ötən əsrin 90-cı illərində ilk dəfə belə şansımız oldu, Rusiyada “it yiyəsini tanımırdı”, yararlana bilmədik. İndi də fürsəti əldən versək, tarix bunu bizə bağışlamayacaq.
Regionda qonşuluq münasibətlərinin formalaşması baxımından da Azərbaycan əlverişli vəziyyətdədir. Ermənistan bütün yaxın qonşu dövlətlərlə düşmən və ya düşmənçiliyə yaxın vəziyyətdədir. Uzaq qonşulardan Rusiyanın Ermənistanın köməyinə gəlmək imkanı yuxarıda da qeyd etdiyim kimi, məhduddur, Azərbaycana qarşı açıq düşmənçiliyə keçməməsi üçün isə kifayət qədər tutarlı arqumentlər var. Ermənistan Cavaxetiya bölgəsində qızışdırdığı separatçı hərəkat və bəzi kilsə xadimlərinin məsuliyyətsiz bəyanatları ilə Gürcüstanla da münasibətləri gərginləşdirib. Digər tərəfdən, Gürcüstanın Azərbaycanla bağlı ciddi, bəzən həyatı maraqlarının olması iki ölkə arasında müttəfiqliyi labüd edir, Gürcüstanda yarım milyondan artıq etnik Azərbaycanlının yaşaması da həlledici rol oynayır. İranın Ermənistanla bugünkü əməkdaşlığı ötəri və qısa müddətli xarakter daşıyır. Müharibə başlayacağı təqdirdə İranda yaşayan milyonlarla azərbaycanlının mövqeyi və əhval-ruhiyyəsi həlledici olacaq. İran rəhbərliyinin özünün də Ermənistanı dəstəkləyəcəyi inandırıcı deyil. Türkiyənin rolunu xüsusi qeyd etmək istəyirəm. Regionun güclü dövləti olmaqla onun mövqeyi hər şeyi həll edəcəkdir. Türkiyə rəhbərliyinin Ermənistanla münasibətləri yumşaltmaq cəhdlərinə baxmayaraq, ermənilər münasibətlərin daha da pisləşməsi üçün hər şeyi ediblər. Türkiyə Azərbaycanın təbii müttəfiqidir. Amma Qarabağ müharibəsində Türkiyənin daha bir addım atması istəniləndir. Türkiyənin son dövrdə yeritdiyi müstəqil siyasət, bir sıra regionlarda ciddi oyunçuya çevrilməsi göstərir ki, NATO-dakı üzvlüyü onun bəzi məqamlarda sərbəst siyasət yeritməsinə mane olmur. Türkiyə Azərbaycanla açıq və konkret strateji əməkdaşlığa keçməli, gizli deyil, açıq dəstək verməli, Azərbaycanın hərbi müttəfiqi kimi çıxış etməlidir. Rusiya Ermənistanı hansı səviyyədə dəstəkləyirsə, Türkiyə də Azərbaycana münasibətdə eyni mövqeni sərgiləməlidir. Bu, Rusiya amilinin neytrallaşdırılması üçün vacibdir. Rusiya açıq şəkildə Ermənistanın tərəfində olmayacaqsa, Türkiyənin də müharibəyə müdaxiləsinə ehtiyac yoxdur, Azərbaycan Ermənistanı az vaxt ərzində diz çökdürmək gücündədir. Türkiyə Azərbaycanın hərbi müttəfiqi kimi mövqeyini açıq şəkildə bildirərsə, Rusiya müharibəyə müdaxilə etməkdən çəkinəcəkdir.
Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan istənilən halda, hətta Türkiyə və Rusiya ilə bağlı amillərin olub-olmamasından asılı olmayaraq işğalçı Ermənistana qalib gəlməyə qadirdir. Azərbaycan beynəlxalq təşkilatların, böyük dövlətlərin “ağıllı olmağa”, hərb yolundan imtina etməyə, yalnız sülh yoluna sadiq qalmağa yönəlik çağırışlarına boş verməli, qulaqardına vurmalıdır. Bu çağırışlar Azərbaycanı torpaq itkisi ilə razı salmağa yönəlib. Azərbaycan yaranmış vəziyyətdən, əlverişli məqamdan yararlanmalı, ləngimədən hərbi əməliyyatlara başlamalı, Şuşa və Xankəndinə qədər bütün ərazilərə nəzarəti özünə qaytarmalı, dövlət sərhədlərini bərpa etməlidir. Və yalnız bundan sonra beynəlxalq təşkilatların, böyük dövlətlərin sülh çağırışlarına diqqət və hörmətlə yanaşmaq olar.
Akif Nağı