Cəlilabad rayonunun 4 sakini redaksiyamıza şikayət məktubu göndəriblər. Onlar sosial yardım ala bilməməkdən şikayətçidirlər. Cəlilabadlılar məktubların bir nüsxəsini də dövlət orqanlarına göndərdiklərini bildirirlər. Məktubları olduğu kimi təqdim edirik.
Abdinova Sevda Tarverdi qızı
Cəlilabad rayonu Uzuntəpə kəndi
“Uşağım debil xəstədir, anadangəlmə bir tərəfi işləmir. Uzun get-gəllərdən sonra TSEK-də ona pensiya kəsdilər, sənədləri təsdiqlənib Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Cəlilabad filialına göndərildi. Ən böyük problemimiz də bu idarədə başladı. ƏƏSMF-nun işçisi, Yardımlının Perimbel kəndindən olan Mircəlal Cabbarov həmin pulun mənə verilməsi üçün rüşvət istəyir. Mən özüm ağır yataq xəstəsiyəm, amma onlar xəstə adamın da son qəpiyini əlindən almağa hazırdırlar, təki varlansınlar, var-dövlət sahibi olsunlar.
Mircəlal bizə deyir ki, bir neçə ayın pulunu birdən alacaqsınız, həmin puldan bizə nə çatacaq? Sən demə, orta əsrlərdə olduğu kimi, rayon camaatı hər əlinə gələn pulun müəyyən hissəsini onlara verməliymiş, bu bizim “müqəddəs” borcumuzmuş! Rayonda idarə və təşkilatlarında əksər məsul vəzifələrdə Perimbel kəndindən olan şəxslər doldurulub, onlar da yerli əhaliyə qənim kəsilib, pul umurlar. Hər hansı bir işi düzəltmək üçün 2, bəzən də 3 nəfərin bığının altından keçməli olursan, istənilən arayışı 1, bəzən hətta 3 nəfərə qol çəkdirməli olursan. Onların idarələrdə əhali aylarla süründürülür, aldıqları qəpik-quruşun müəyyən hissəsini perimbellilərlə bölüşməli olurlar. Rayonda hamı bir-birini başa düşür, yola verir, bircə perimbellilər işləyən idarələr əhalini ən çox bürokratik əngəllərlə üz-üzə qoyur. Onlara pul verməyənləri aylarla süründürür, aclıq və səfalətlə sınağa çəkirlər. Xahiş edirik ki, rayon camaatını bu korrupsioner qrupun əlindən qurtarın.
Mən çəlimsiz adamam, ağır yataq xəstəsiyəm, bu idarələrdə nəyə görə günlərlə ayaq döyməliyəm? Ağır dolanışıqlı ailəyik, ərim səfalət içində olduğumuzdan, imkansızlıqdan dözmədi, intihar etdi. İki uşağı zülmlə böyüdüb ərsəyə gətirmişəm. İndi də bunların zülmü ilə üz-üzə qalmışıq. Neçə ildi gözləyirdik ki, TSEK-də uşağımın xəstəliyi təsdiqlənsin, bir az pul alaq, həmin pula da perimbellilər göz dikib. Xahiş edirəm ki, dövlətimiz Mircəlal Cabbarov kimilərə öz yerini göstərsin. Həmin vəzifələrə öz xalqını sevən və qayğısına qalan Azərbaycan oğulları təyin olunmalıdır.”
Cəfərov Qafar Şahverən oğlu
Cəlilabad rayonu Qaçovka kəndi
“Yazıb sizə bildirirəm ki, 4 ildən çoxdur ki, Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin Cəlilabad rəhbərliyi məni ələ salmışdır. Xahiş edirəm kömək edin, sənədlərimi hazırlayıb təqdim etsəm də bürokratik əngəllərə görə bu idarədən sosial yardım ala bilmirəm. İlk dəfə sənədlərimi təqdim edəndə qəbul etdilər, lakin 3 aydan sonra bildirdilər ki, sənə imtina yazılıb. Həmin idarəyə gəlib dedim ki imtina kağızımı verin səbəbini bilim. Məlum oldu ki, heç bir imtina-zad yazmayıblar, sadəcə məni ələ salırlar. 5 ildir ki, evlənib ayrı təsərrüfat olmuşam. Kasıb, uçuq bir kümədə qalıram. Yolum yox, işığım yox, su yox, qaz yox, gəl indi yaşa görüm necə yaşayırsan! Eşidəndə Rusiyada, İranda, rəhmətlik Qəzzafinin vaxtında Liviyada kasıblara necə qayğı göstərirlər, adam təəccüb qalır. Bizdə isə kasıbı ələ salırlar. Heç bir yerdə işləmirəm, iş yoxdur. Ağır maddi vəziyyətlə üz-üzəyəm.
ƏƏSMM-dən mənə deyirlər ki, yaşadığın həyətin torpaq şəhadətnaməsi yoxdur. Tək mən deyiləm, yeni evlənənlərin 80 faizinin torpaq şəhadətnaməsi yoxdur. Azərbaycan kəndlərində real vəziyyət belədir. Bunların deməyindən belə çıxır ki, biz yardımı ancaq kasıbların 3 faizinə verəcəyik, qalanları acından ölsə də ölsün. Bakıdan gələn yeni təlimata o qədər arayış, sənəd salıblar, belə çıxır ki sosial yardımı ancaq evinin pasportu olanlar ala bilər. Bu cür bürokratik əngəllər qəsdən yaradılır ki, əhali daha böyük çətinliklərlə üzləşsin, get-gəllərə düşsün və məcbur qalıb bunlara rüşvət versin. Rayon mərkəzinə gedib gəlməkdən bezmişəm. 4 ildən çoxdur ki, Cəlilabad filialına gedib gəlirəm, süründürülürəm. Bələdiyyə mənə torpağımla bağlı zəbt kağızı verib, onu da təqdim etmişəm, lakin məhəl qoyan, problemimizə diqqət ayıran yoxdur. Rüşvət tüğyan edir. Çox adamdan 3 ayın pulunu alırlar, sonra ona sosial yardım kəsirlər. Hər gün ƏƏSMM binasının qabağındayam, çoxlu adam yığışır, bütün danışılanları eşidirəm. Bəzilərinə açıq-aşkar deyirlər ki, 4 ayın pulunu ver, sosial yardımını düzəldək. Mənə isə xəbər göndəriblər ki, nə az-nə çox, gəl 50-nin 50-yə razılaşaq, yəni alacağının yarısını bizə ver, sənin sosial yardımını yoluna qoyaq. Alacağım 1 ilin sosial yardımının 6 ayını ƏƏSMM Cəlilabad filialının rəhbərliyinə verməliyəm. Bunu Allah götürərmi? Xahiş edirəm ki, bu zülmə, soyğunçuluğa son qoyasınız.”
İmanov Elman Məmmədqulu oğlu
Cəlilabad rayonu Qarazəncir kənd sakini
“2011-ci ilin əvvəlindən Cəlilabad Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə sosial yardım almaq üçün müraciət etmişəm. Gəlib yerində yoxladılar, dedilər ki, 70 manat sənə pul veriləcək. Yəni mənə sosial yardım qanunla düşür. Lakin hələ də bu idarədən pul ala bilmirəm. Sonradan gedib yoxlatdırdım, məlum oldu ki, hansısa qaranlıq səbəblərdən mənə imtina yazıblar.
Böyük bir ailənin dolanışığı məndən asılıdır. Həyat yoldaşım, qızım, oğlum, gəlinim və iki uşaq mənim öhdəmdədir. Yoldaşım ağır xəstədir, öd kisəsi kəsilib götürülüb, dava-dərmana pul tapa bilmirəm. Heç bir yerdən qazancım yoxdur və ola da bilməz, çünki respublika əhalisi acından ölür, heç yerdə pul yoxdur. Mən hal-hazırda olduğum faciəli durumu Cəlilabad Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə başa sala bilmirəm, xahiş edirəm siz başa salın. Əhalini acında qırmaq olmaz. Rüşvətxorluq baş alıb gedir. Sosial yardım almaq üçün 3-4 ayın pulunu tələb edirlər. Əgər belə deyilsə, onda aydınlaşdırın görün ƏƏSMM Cəlilabad şöbəsi nəyə görə bir ildir ki, mənə qanuni düşən pulu vermir?
Məmmədov Samiq Yusif oğlu
Cəlilabad rayonu Qarazəncir kəndi
“Yazıb sizə bildiririk ki, ünvanlı sosial yardım almaq üçün sənədlərimizi Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etmişik. Lakin bizə imtina yazıblar, səbəbi də budur ki, guya texnikamız var. Bizim ailəmizin başçısı, rəhmətlik Yusif Məmmədov traktorçu idi, ailəmizin üzvləri Samiq və Elşadın traktor təmirindən başı çıxır, odur ki kənd camaatının xarab olmuş texnikasını qapımızda təmir edərək 5-3 manat çörək pulu qazanırlar. İndi ƏƏSMM həmin texnikanı bizim adımıza çıxır. Sənədə qalanda ailəmizin adına heç bir texnika, maşın yoxdur. İmkansızlıqdan iki qardaş ailəsi bir evdə məskunlaşmışıq. Qoca xəstə ana, Samiqin 3 nəfərdən ibarət ailəsi, Elşadın 4 nəfərdən ibarət ailəsi min bir əzabla bir həyətdə yaşayırıq. Heç bir yerdən gəlirimiz yoxdur, ümidimiz oğullarımızın təmir etdiyi texnikadan gələn beş-üç manatadır. Necə olur ki imkanlı adam 3 aylığını, 4 aylığını ƏƏSMM rayon rəhbərliyinə verib özünün sosial yardım sənədlərini təsdiqlətdirir, bizim kimi həqiqi kasıblar rüşvət vermədiyinə görə əsir-yesir qalır? Müxtəlif bəhanələrlə bizi başlarından edirlər, çünki Məmmədov Samiq bəri başdan onlara bildirmişdir ki, sizə qara qəpik də verən deyiləm. Bir ildən yuxarıdır ki, sənədləri vermişik, iki dəfə imtina olunub. Bu idarənin Cəlilabad şöbəsinin rəhbəri öz yaxın qohumlarının hamısına qanunsuz yollarla sosial yardım düzəltdirib. Niyə rayonu bu cür adamların əlinə veriblər, baş aça bilmirik. Camaat ƏƏSMM yollarında əsir-yesir olub, gedib-gəlməyə və digər xərclərə külli-miqdarda pulumuz çıxıb. Bildiririk ki, bu qanunsuzlara son qoyulmasa və bizə sosial yardıma görə süni maneələr aradan götürülməsə xarici ölkələrə müraciət edib yardım istəyəcəyik, çünki başqa yolu yoxdur, güzəranımız günü-gündən pisləşir. Əvvəllər sosial yardım düzəltmək üçün ƏƏSMM Cəlilabad filialının rəhbərliyi 3 aylığını bəri başdan istəyirdi, indi iştahaları daha da qalxıb, 4 aylığını istəyirlər. Dövlətimizdən soruşuruq ki, niyə xalqı bu cür soyğunçularla üz-üzə qoymusunuz? Xahiş edirik ki, bürokratik əngəllərin aradan götürülməsinə və ailəmizə sosial yardım verilməsinə köməklik göstərəsiniz.”
P.S. Yəqin ki, aidiyyəti orqanlar şikayət məktubları ilə bağlı araşdırmalar aparacaqlar. Məktubda adları hallandırılan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.