İctimai Palatadan FaktXeber.com-a daxil bəyanatda bildirilir ki, İctimai Palatanın Koordinasiya Şurası Azərbaycanda azad mətbuata qarşı basqıların davam etməsindən dərin narahatlığını bildirir. Azərbaycan hakimiyyəti tənqidi fikirləri susdurmaq üçün illərdir müstəqil mətbuata və ayrı-ayrı yazarlara qarşı yürütdüyü repressiv siyəsətdən əl çəkmir, ən müxtəlif vasitələrlə ölkədə azad medianın mövcudluğuna son qoymağa çalışır.
İctimai Palata bununla bağlı artıq ayrıca Dəyirmi Masa keçirib və azad mətbuatı sıradan çıxarmaq üçün onun yayım işinə yaradılan maneəni xüsusi olaraq diqqət mərkəzinə gətirib. Lakin azad mətbuatın hazırda üzləşdiyi yeganə basqı bu deyil. Hakimiyyət yenidən sifarişli məhkəmələrlə azad və müxalif fikri ifadə edən “Azadlıq” və “Yeni Müsavat” kimi qəzetləri ağır maliyyə cərimələrinə məruz qoymaq, bununla da onların çapına problemlər yaratmaq istəyir. Bu qəzetlər əvvəllər də dəfələrlə dövlt qurumları, məmurlar və haimiyyətə yaxınlığı şübhə doğurmayan şəxslərin iddiaları ilə məhkəmələrə çəkilib, böyük məbləğlərdə cərimələniblər.
İctimai Palatanın Koordinasiya Şurası təəssüflə bildirir ki, bu siyasət yenə də davam etməkdədir. Daha bir narahatlıq doğuran məqam isə azad mətbuatda çalışan jurnalistlərin həyatlarına yaradılan təhlükənin qalmasıdır. Vətəndaşların təhlükəsizliyini təmin etməli olan hakimiyyət çox təəssüf ki, onu tənqid etdiyi üçün ayrı-ayrı jurnalistləri hədəfə alır, ən yaxşı halda isə onların təhdid və təqib olunmasına, zorakılığa məruz qalmasına biganə yanaşır.
Ölkədə indiyədək azad media təmsilçilərinə qarşı çoxlu sayda cinayətlər baş verib, ancaq onlardan demək olar ki, heç birinin üstü açılmayıb. Belə hallardan biri də “Azadlıq” qəzetinin şərhçisi Seymur Həzinin bir müddət əvvəl oğurlanaraq döyülməsidir. Bu faktla əlaqədar cinayət işi başlansa da, cinayəti törədənlərin tapılıb cəzalandırılması istiqamətində heç bir real fəaliyyət yoxdur.
Seymur Həzinin bugünlərdə hətta iş yerinə qədər açıq-aşkar izlənməsi isə göstərir ki, jurnalistiin həyatına təhlükə yenə də qalır. Bütün bunlar isə deməyə əsas verir ki, Seymur Həziyə qarşı olan təhdid siyasi hakimiyyətdən qaynaqlanır, ya da hakimiyyət belə bir təhdidin olmasından məmnundur.
İctimai Palatanın Koordinasiya Şurası Azərbaycan hakimiyyətini azad mətbuatı, tənqidi fikirləri susdurmaq üçün yürütdüyü siyasətdən əl çəkməyə çağırır. Tələb edir ki, jurnalistlərə qarşı törədilən cinayətlərin açılması və cinayətkarların cəzalandırılması, o cümlədən Seymur Həzinin yenidən izlənməsi faktının araşdırılması üçün real tədbirlər görülsün.
Nicat Xaliqoğlu