Tanınmış sarı sim ustası, respublkamızın əməkdar artisti Tofiq Şahbazov redaksiyamızın qonağıdır. Onunla söhbəti jurnalist-muğamşünas Vaqif Əliyev aparır.
- İlk növbədə xoşməramlı dəvətə, hərarətli qarşılamaya və təqdim etdiyiniz əlvan çiçək dəstəsinə görə dərin təşəkkürümü bildirirəm. Sizin qəzet musiqinin, xüsusilə muğamın təbliği sahəsində geniş, səmərəli fəaliyyət göstərir. Buna görə özümün və həmkarlarımın minnətdarlıq dolu təşəkkürlərini çatdırıram.
- Düzü, belə soyuq havada gələcəyinizə gümanım yox idi. Mən də redaksiya adından Sizi səmimiyyətlə salamlayır, 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Nə əcəb tarınızı özünüzlə gətirməmisiniz? Yaxın sənət dostunuz Teymur əmi getdiyi yerlərə ayrılmaz dost kimi dəfini də özü ilə aparır.
- Hələ ilkin gəncliyimidən qonaq çağrıldığım yerlərə getməyi özümə ar bilməmiş, çağırılmadığım tədbirləri isə dar etməyi şəxsiyyətimə sığışdırmamışam. Bu atalar sözü daim həyat şüarım olub. Bu günkü görüşdə çal-çağır nəzərdə tutulmadığından tarı da gətirməmişəm. Görkəmli xanəndəmiz Teymur Mustafayevlə ünsiyyətimizin təməli isə təxminən yarım əsr bundan öncə «Azərbaycan təranələri» ansamblında işləyərkən qoyulub. Onun dəfə həssas münasibəti sənət yanğısı ilə bağlı yaranmış uzun illərin şakəridir.
Bu xüsusda sizə maraqlı bir epizod danışmaq istəyirəm. Rəhmətlik Qurban Pirimov sənətdə misilsiz , şəxsiyyətdə isə baməzə şəxs olub. Bir dəfə guya «ağzıboşuna» danışdığı üçün «dostlarından» kimsə onu lazımi yerə «çuğullayır». Az keçmədən «günahkarı» Dövlət Təhlükəsizlik Komitəsinə çağırırlar. Ailəsi ilə görüşüb halallaşan Qurban dayı yola çıxır. İstintaq işçiləri onun əlindəki tara təəccüblə baxırlar. Onlardan biri soruşur: “A kişi, biz səni bura tar çalmağa çağırmışıq?”
Tarzən qorxusundan büzüşmüş halda cavab verir: “Nə bilim? Musiqiçi adamam, güman elədim ki, sizdə musiqili tədbir var ki, mənə zəhmət vermisiniz. Yoxsa mən hara, bura hara”
İstintaqçılar onu heyrətlə süzürlər. Onların başçısı öz hökmünü çıxarır: “Bu kişi tarzən babadır, ondan hökumətə ziyan dəyməz, buraxın!”
- Bizi belə bir sualın cavabı maraqlandırır: görəsən 70 yaşlı yubilyarımız bu gün özünü necə hiss edir? Lazım gələrsə «Orta mahuru» gənclik illərində olduğu kimi çala bilərmi?
- Səhhəttimdən ciddi şikayətim yoxdur. Ölməz şairimiz Vahid bu barədə lap yerində deyib:
Şikayət eyləmə, Vahid, həmişə şükr eylə,
Dayanmışıq hələlik, can ki, var, səlamətdir.
Sualınızın ikinci hissəsi haqqında Xan əmi belə deyərdi: «Canım, Qarabağlı xanəndəyə «Segah» oxutmazlar. Bunu hamı yaxşı oxuyur. Onları sınağa çəkmək istəsəniz, digər az oxunan ifalardan birini seçin». Siz təcrübəli müğamşünas və qələm sahibi kimi tarzənlərin zərif damarını düzgün tuta bilirsiniz. Doğrudan da, instrumental muğamlar arasında sənət imtahanı vermək üçün ən çətini «Orta mahur»dur. 1986-cı ildə xanəndələrin Cabbar Qaryağdı oğlunun anadan olmasının 125 illiyinə həsr olunmuş müsabiqəsi keçirilirdi. Onları müşaiyət edəcək tarzənlərin sırasına mən də daxil edilmişdim. Tədbir başa çatdıqdan sonra mənə solo «Orta mahur» sifarişi verildi. İfam mədəniyyət naziri Zakir Bağırovun imzası ilə məxsusi diplomla dəyərlənqdirildi. İndi isə bir müddət gərgin məşq etdikdən sonra bu muğamı çalaram, amma, zənnimcə, hər halda yaş özünü kəskin şəkildə biruzə verə bilər.
- Siz artıq elə bir yaş həddinə və sənət mərtəbəsinə çatmısınız ki, barənizdə keçilmiş ömür yolu səciyyəli oçerk yazmağa heç bir lüzum yoxdur. Yaxşı olardı ki, tar ifaçılığı ilə bağlı söhbətə girişək.
- Sözüm yoxdur. Amma gəlin şərti şumda kəsək. Mən aydın dərk edirəm ki, bura yubileyimlə bağlı müsahibə verməyə dəvət olunmuşam. Böyük əksəriyyət kimi mən də tərifi xoşlayıram, ancaq ölçüsündə. Xahişim budlur ki, o qədər və elə tərifləyin ki, sonradan üz-gözümü xəcalət təri basmasın.
- Tar sənətinin tarixinə səyahətə çıxsaq, nə kimi mənzərənin şahidi olarıq?
- Mən haqlı qürur və sonsuz iftixar hissi ilə bildirirəm ki, Azərbaycan mahir tarzənlər sarıdan heç vaxt korluq çəkməyib. Hələ XIX əsrin ortalarında doğulub sonradan sənət aləminə ayaq basmış Mirzə Sadıq Əsəd oğlu, Mirzə Fərəc Rzayev, Məşədi Cəmil Əmirov, Şirin Axundov, Qurban Pirimov, Mənsur Mənsurov, Əhməd Bakıxanov… kimi sarı sim ustalarımız xalqa tarı tanıtdırmış, sevdirə bilmişlər. Onlar əsasən toylarda, el şənliklərində öz mədəniyyətlərini nümayiş etdirmiş, XX əsrin əvvəllərində peşəkar səhnəyə gedən yola ilk cığır açmışlar. Tarzənlərimizin bu dəstəsinin bir qismi ilk muğam operalarımızda çalmış, şərq konsertlərində çıxış etmiş, Avropada səsyazma texnikasının kustar çağlarında olsa da, öz bacarıqlarını tarixin yaddaşına köçürməyə imkan tapmışlar. Onlardan bəziləri muğamlarımızın nota alınmasında, tədris proqramlarının tərtibində fəal iştirak etmiş, simfonik muğamların bəstələnməsində bəstəkarlarımıza yardımçı və məsləhətçi olmuşlar. Təəssüflə qeyd etmək lazımdır ki, onların qocalıq çağlarında kommunist rejiminin mədəni inqilab kampaniyası tüğyan eləmişdi. Həmin dönəmdə ali və orta ixtisas musiqi məktəblərində ara-sıra xanəndəlik , tar, kamança sinifləri bağlanmış, yalnız Üzeyir Hacıbəyli və onun yaxın silahdaşlarının fəal müdaxiləsindən sonra yenidən bərpa olunmuşdu. 1929-cu il yanvarın 12-də Azərbaycan dövlət Akademik Dram Teatrında ictimai məhkəmə qurulması o dövrün mənfur hadisələrindən biri idi.
Az sonra onları Bəhram Mənsurov, Əliağa Quliyev, Hacı Məmmədov, Məmmədağa Muradov, Baba Salahov, Firudin Əkbərov, Əhsən Dadaşov, Həbib Bayramov, Əlikram Hüseynov, Sərvər İbrahimov əvəz etdilər. Bunlardan üçünün mənim sənət boyumun inkişafında müstəsna xidmətləri olmuşdur. Məmmədağa Muradov və Əlikram Hüseynovdan kollecdə tar sənətinin incəliklərini öyrənmiş, az sonra Filarmoniyada 2 il Hacı Məmmədovun rəhbərlik etdiyi ixtisasartırma kursunun müdavimi olmuşam.
- Bu dəstənin tarixi ximdmətləri nədər ibarət olmuşdur?
- Onlar çətinliklə olsa da, dəmir qapılar arasından sıçrayaraq, xarici ölkələrə qastrol səfərlərinə çıxmağa nail olmuşlar. Həmin tarzənlər baş musiqi alətimizi dünya xalqlarına təqdim etməklə cahanşümul iş görmüşlər. Üzeyir Hacıbəyli tarı artıq simfonik orkestrin tərkibinə daxil etdiyindən bu xüsusda iyirmiyə yaxın konsert bəstələnmiş, bunları Hacı Məmmdov, Əhsən Dadaşov, Ramiz Quliyev məharətlə səsləndirmişlər. Həmin dönəmdə xalq çalğı alətləri üçlüyü (tar, kamança və qaval) ifasında mili rəqs və diringilərimiz lentə alınmışdır. Aparıcı solistlərimiz mili, rus, Qərbi Avropa bəstəkarlarının say-seçmə əsərlərini tarda səsləndirməklə bu musiqi alətinin nə qədər geniş texniki imkanlara malik olduğunu əyani şəkildə sübut etməyə müvəffəq olmuşlar.
- Bəs yaşıdlarınızın ifası barəsində nə deyə bilərsiniz?
Xalq artisti, prfessor Ramiz Quliyevin yaradıcılığı həmkarları üçün layiqli nümunədir. Bu gün xalq artistləri Zamiq Əliyev, Firuz Əliyev, Ağasəlim Abdullayev, Möhlət Müslümov, əməkdar artist Vamiq Məmmədəliyev ustadlarına layiqli xələf olduqlarını çoxdan sübuta yetirmişlər. Onların əksəriyyəti ali musiqi məktəblərimizdə tardan dərs deyirlər. Bir çoxu artıq professor, dosent rütbələri daşıyırlar.
- Tar sənətinin gələcyinə necə baxırsınız?
- Sükan etibarlı əllərdə olduğundan nikbinəm. Orkestr və ansambllarımızın tərkibində yeniyetmə tarzənləri gördükdə ürəyim fərəhdən dağa dönür. Onların bir çoxunu yaxından tanımadığım üçün adlarını çəkmək çətindir. Hazırda Əliağa Sədiyev, Ələkbər Ələkbərov kimi tarzənlərimiz sənət baxımından püxtələşmişlər. Elçin Həşimovu, Sahib Paşazadəni nəinki bugünün mənzərəsi, hətta işıqlı sabahımızı müəyyənləşdirən çalğıçılar cərgəsində görürəm.
- Nədənsə kəm-kəsirlərdən söhbət açmadınız…
- Mən belə demzdim. Tar ifaçılığı sahəsində hər şeyin qaydasında olduğunu, işlərin yağ kimi getdiyini söyləmək də doğru olmazdı. Son vaxtlarda xanəndə müşaiyətində araçalğı zamanı növbələşməyə yol verilməsi, belə anlarda dəstgah oxunuşuna xidmətdən daha çox fərdi ifaçılığa, zahiri təmtərağa uyma meyillərini zərərli hal hesab edirəm. Xanəndə müşaiyətində bitkin musiqi cümlələri əvəzinə çalınan qırıq-qırıq improvizələr məni açmır. Bunlar bəzən dinləyici rəğbətinə səbəb olsa da, sənət belə məqamlarda heç nə qazanmır. Mənim iradlarım son vaxtlarda ifaçılıq sənətimizdə əmələ gələn, təəssüf ki, ayaq tutan yeni keyfiyyət dəyişiklikləri ilə əlaqədardır.
- Bəzən tarzənləri solist, müşaiyətçi və ansambl rəhbəri kimi üç qrupa bölürlər…
- Əlbəttə, bu cür təsnifatlar şərtidir. Sadaladığınız keyfiyyətlərdən birində «axsayana» ustad sənətçi demək olmaz. Belə bölgünün aparılması ayrı-ayrı tar çalanlarımızın bu cəhətlərdən birinə daha çox üstünlü verərək tanınması ilə bağlıdır.
- Gənclik illərində buraxdığınız səhvlərə görə sonradan peşmançılıq çəkdiyiniz hallar olubmu?
- 70 illik ömür yolumda iki ciddi səhvə yol vermişəm. Bunlar yadıma düşəndə azacıq narahat oluram. İlk təqsirimi ali təhsil almamaqda görürəm. Bununla belə, yenə də özümü tam günahkar saymıram. Musiqi kollecinin 3-cü kursunda oxuyarkən «Azərbaycan təranələri» ansamblının tərkibində Rusiyaya qastrol səfərinə çıxdıq. Aydan çox çəkən səfərdən qayıdandan sonra evdə anam mənə kollec rəhbərliyinin ünvanladığı iki hədələyici məktub (çoxlu dərs buraxdığıma görə) verdi. Ertəsi gün məktəbdə məni qarşılayan müəllim və tələbələr təhsildən xaric olunduğumu bildirdilər. Pərişan halda o vaxtlar kollecdə şöbə müdiri işləyən xalq artisti Ceyran xanım Haşımovanın yanına gedib məsələni olduğu kimi danışdım. Ceyran xanımın çöhrəsində məmnunluq ifadəsini gördükdə azacıq toxtadım. Hər halda o vaxtlar mənim kimi yeniyetmə gəncin dövlət ansamblı ilə Rusiyaya qastrola getməsi oxuduğum məktəbin adı üçün yaxşı əlamət idi. Məni diqqətlə dinləyən şöbə müdiri axırda dedi: «Keç, otur sinifdə». Bu cür intensiv iş şəraiti, ailəmin tam təminatı üçün çaldığım toylar mənə ali təhsil barədə fikirləşməyə imkan verməmişdi.
İkinci nöqsanımı isə Azərbaycan radiosu və televiziyasının səs xəzinəsinə üz tutmamağımda görürəm. Elə bunun da başlıca səbəbini illərdir söylədiyim amillərlə bağlayıram.
- Bəs necə oldu ki, birdən-birə sənətdən uzaqlaşdınız?
- Ömrümün məhsuldar, yaradıcılığımın çiçəklənən çağlarında nankor qonşularımızın ölkəmizə silahlı təcavüzü, həmin dönəmdə işlədiyim «Azkonsert»in bağlanması əl-qolumu «bağladı». Bir çox həmkarlarım kimi işsiz qaldığımdan sənətlə vidalaşmalı oldum. İndi ustad xanəndəmiz Hacı Tələt ürəyindən oxuduğu kimi, mən də içimdə çalıram. Hiss, həyəcan bədənimi bürüyəndə 60 illik dostumu sinəmin üstünə qaldırır, dərdlərimi onunla bölüşürəm.
- Mən maraqlı, məzmunlu söhbət üçün sizə minnətdarlığımı bildirirəm. Ürəyinizdə deyiləsi sözünüz qalıbsa, buyurun.
- Əmi (Əlibaba Məmmədov – V.Ə.) əvvəllər söz-çözü çəkəndə deyərdi ki, kim 70 il yaşayıbsa, o, əsl qəhrəmandır. Vallah, mən özümün necə qəhrəman olduğumu deyə bilmərəm. Söhbətimizin əvvəllində çağrılan və çağırılmayan qonaqlardan nahaq yerə söhbət salmadım. Budur, heç nə ilə hesablaşmayan qocalıq çağrılmayan qonaq kimi çoxdan qapımı döyəcələyir. Bütün bəşər övladları kimi mən də bu dünyada bir qonağam. Ən böyük arzum isə əcəl vaxtı çatanda dünyanı Allah qonağı kimi tərk etməkdir. İndi isə ovqatımızı nikbin notlara kökləyərək ömür sayğacına nəzər yetirirəm: rəqəmlər hərəkətdədir, deməli həyat davam edir. Hələ yaşamağa, qurub yaratmağa dəyər!