"BİZİM QURMAQ İSTƏDİYİMİZ CƏMİYYƏTDƏ ZAHİD ORUC KİMİ DEPUTATLARA MANDAT VERİLMİR"
Tofiq Yaqublu: "Bəli biz Azərbaycanın demokratikləşməsi üçün istənilən fürsətdən istifadə etməyə çalışırıq"
15-02-2012 / 10:32
Müsavat başqanı İsa Qəmbərin Facebookdakı müraciəti Milli Məclisdə müzakirə olunub. Deputat Zahid Oruc isə İsa Qəmbərin “Eurovosion” yarışması ilə bağlı fikirlərinə münasibət bildirib. O qeyd edib ki, bu rəzillikdir. Bu məntiqlə özlərini kimlərlə eyniləşdirirlər? Vaxtilə Azərbaycan bolşevikləri də “Qırmızı ordunu” belə gözləyirdilər. Amma bunlar “Eurovosion” qələbəsini belə hakimiyyətin əleyhinə çevirmək istəyirlər. Qələbədən özləri üçün ayrıca səhnə yaratmağa çalışırlar.”
Zahid Orucun çıxışı ilə bağlı FaktXeber.com-a açıqlama verən Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu, təmsil etdiyi müxalif düşərgənin ölkədə demokratik dəyərlərin bərpa olunması üçün mübarizə apardığını bildirdi: “Bəli biz Azərbaycanın demokratikləşməsi üçün istənilən fürsətdən istifadə etməyə çalışırıq. Elə bir cəmiyyət qurmaq istəyirik ki, həmin cəmiyyətdə Zahid Oruc kimi şəxslərə mandat verilərək millət vəkili təyin edilməsin.”
Sonra Tofiq bəy qeyd etdi ki, əgər Azərbaycanda demokratik cəmiyyət qurulacaqsa, bu hamının maraqlarına xidmət edəcək: “Eyni halda bu dəyərlərin bərpa olunması Zahid Orucunda xeyrinə olacaq. Biz istəyirik ki, ölkədə siyasi məhbus olmasın. Zahid Oruc əgər həqiqətən də millət vəkilidirsə, onu maraqlandırmır ki, nəyə görə Azərbaycanda siyasi məhbus var? 2 apreldə həbs olunan şəxslərin nə günahı var idi ki, onları həbsxanalara salıblar? Əgər onların hər hansı bir cinayəti yoxdursa və eyni halda onları Zahid Oruc kimi şəxslərin siyasi iddialarına və mənafelərinə görə həbsə atırlarsa, İsa Qəmbər əlbəttə ki, düz deyir. Ona görə, biz bunda hər hansı bir yanlışlıq görmürük.”
Azərbaycanın mənafelərinə xidmət etdiklərini qeyd edən Tofiq bəy, “bunun qarşısını almaq istəyənlər isə toplu şüarlardan istifadə edərək, Azərbaycanı zülmət, korrupsiya və rüşvət içində görmək istəyirlər. Onlar ölkənin bərbad vəziyyət salmaq istəyirlər, biz isə bununla mübarizə aparırıq və sonda qalib gələcəyik”, - deyə bildirdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.