Azərbaycanlı deputatlar Xocalı soyqırımının tanınması üçün Türkiyə parlamentinə müraciət ediblər
15-02-2012 / 09:48
FaktXeber.com xəbər verir ki, Azərbaycan-Türkiyə parlamentlərarsı dostluq qrupu Xocalı soyqırımının tanınması ilə əlaqədar olaraq Türkiyə Böyük Millət Məclisinə (TBMM) müraciət edib. Bunu jurnalistlərə Azərbaycan-Türkiyə parlamentlərarsı dostluq qrupunun üzvü, deputat Qənirə Paşayeva deyib.
Onun sözlərinə görə, artıq belə bir müraciət TBMM-ə göndərilib və müraciətdə Ermənistanın törətdiyi vandalizm aktları, o cümlədən Xocalı soyqırımı haqqında məlumatlar əksini tapıb. Orada qeyd etmişik ki, Azərbaycan bütün dünyada Xocalı soyqırımının tanınması, buna siyasi-hüququ qiymət verilməsi istiqamətində addımlar atır.
O deyib: "Bu yaxınlarda Meksika Konqresi, Pakistan Senatı Xocalı soyqırımı haqda sənəd qəbul edib, qətliamı tanıyıb və onu kəskin formada pisləyib. Ona görə də Türkiyə Böyük Millət Məclisindəki qardaş-bacılarımızdan Xocalı soyqırımının 20 illiyi ərəfəsində parlamentdə bu soyqırım haqda müzakirə keçirilməsini və hüquqi qərar qəbul olunmasını xahiş edirik. Düşünürük ki, Türkiyə parlamentinin qəbul edəcəyi qərar bütün dünyada Xocalı soyqırımının tanınması, faciəyə hüquqi-siyasi qiymət verilməsi sahəsində Azərbaycana çox böyük və mühüm dəstək olacaq. İndi biz gözləyirik və ümid edirik ki, müraciətimizə Türkiyə parlamentində baxılacaq və Xocalı soyqırımı haqda qərar qəbul olunacaq”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.