İSA QƏMBƏR VƏ ƏLİ KƏRİMLİNİN QAPALI GÖRÜŞÜNDƏ NƏLƏR MÜZAKİRƏ EDİLİB?
14-02-2012 / 10:40
AXCP sədri Əli Kərimli ilə Müsavat başqanı İsa Qəmbər arasında həftənin bazar günü qapalı görüş keçirilib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Tia.az-a partiyalardan birindəki etibarlı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, görüş kifayət qədər səmərəli və maraqlı keçib. Və bir sıra mühüm məsələlər müzakirə olunub.
Məlumatda deyilir ki, Əli Kərimli ilə İsa Qəmbər arasında belə bir görüş əvvəlcədən planlaşdırılan olmayıb. Zərurət isə Müsavat başqanının Türkiyə səfərindən sonra yaranıb. Görüş zamanı isə bir çox məsələlər müzakirə olunub ki, onların da hamısı ölkədəki siyasi vəziyyətlə əlaqədardır.
Bu barədə danışan partiya funksoneri bildirib ki, Əli Kəriml ilə İsa Qəmbər arasında müzakirə olunan əsas məsələlərdən biri prezident seçkilərinin 2013-cü ilə saxlanılmaması və bunun üçün siyasi prosesləri daha da aktivləşdirərək, ilin sonuna qədər xalqı bu hakimiyyətə qarşı qaldırmağa nail olmaqdır. «Məqsəd daha güclü təşkilatlanma yolu ilə siyasi müqaviməti artırmaq və real nəticələr əldə etməkdən ibarətdir. Hər hansı bir zorakı və ya qeyri-qanuni vasitələrdən yararlanma barədə isə söhbət gedə bilməz. Hər iki partiyanın sədri qərara alıblar ki, istər partiya şəklində, istərsə də İP fonunda təşkilatlanma işlərini gücləndirmək üçün qısa müddətdə mexanizmlər hazırlanmalı və həyata keçirilməlidir».
Mənbə daha sonra bildirib ki, həmin təşkilatlanma və güclü müqavimətin təşkil edilməsi üçün İP-dən kənarda olan siyasi qüvvələrin cəlbi məsələsi də müzakirə edilib. Onun sözlərinə görə, Əli Kərimli və İsa Qəmbərin yekun rəyi bu təşkilatlarla danışıqlara başlanılması və dəvət edilməsindən ibarət olub.
Digər bir mühüm məsələ isə müxalifətin vahid namizədi ilə bağlı olub. Mənbə bildirir ki, partiya liderlər bu mövzunun prezident seçkilərinə kimi qapadılmasının tərəfdarıdırlar. «Onlar bilirlər ki, hal hazırda bu məsələnin gündəmə gətirilməsi zərərli tendensiyadır. Ona görə də, razılaşdırılıb ki, hər iki tərəf partiya üzvlərinə qəti tapşırıq verərək, onlardan bu mövzuda müzakirələrin dayandırılmasını tələb etsinlər».
Mənbə onu da bildirib ki, bu razılaşmalar və əldə olunan nəticələrlə bağlı yaxın günlərdə cəmiyyətə də məlumat veriləcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.