BRÜSEL VİZA REJİMİNİN SADƏLƏŞDİRİLMƏSİ LAYİHƏSİNİ AZƏRBAYCANA TƏQDİM EDİB
Vüqar Bayramov:"2012-ci ildə viza rejiminin sadələşdirilməsi haqqında anlaşmanın imzalanması realdır"
13-02-2012 / 16:21
Avropa Komissiyası Azərbaycanla Avropa arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı sənəd layihəsini hökümətə təqdim edib. Xatırladaq ki, Avropa Birliyi Nazirlər Şurası bir müddət əvvəl Avropa Komissiyasına Azərbaycan və Ermənistanla viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında danışıqlara başlaması üçün mandat vermişdi.
AB-nin “Şərqi Tərəfdaşlığı” proqramına iqtisadi inteqrasiya komissiyasının həmsədri Vüqar Bayramov FaktXeber.com-a açıqlamasında bildirib ki, mart ayının 1 və 2-də Bakıda Avropa Birliyi ilə Azərbaycan rəsmiləri arasında viza sadələşdirilməsinə dair görüş keçiriləcək: “Həmin görüşdə Azərbaycan vətəndaşlarının Avropaya daha sadələşdirilmiş viza ilə getmələri məsələsi müzakirə ediləcək. Avropa Birliyinin təqdim etdiyi sənəd layihəsinə Azərbaycanla Avropa Birliyi arasında viza prosedurunun sadələşdirilməsi,rüsümların 60 avrodan 30 avroya qədər endirilməsi, daha uzunmüddətli vizaların verilməsi, tələb olunan sənədlərin sayının azaldılması kimi islahatlar daxildir. Görüşdə həmçinin tələbələr, idmançılar, jurnalistlər, iş adamları üçün sadələşdirilmiş vizanın verilməsi, sadələşdirilmiş yollarla şengen vizalarının alınması məsələləri gündəmə gətiriləcək. Qeyd edim ki, tələbələr, idmançılar, jurnalistlər, iş adamları üçün sadələşdirilmiş vizanın verilməsi dedikdə banklar tərəfindən depozit məbləğlərinin tələb edilməsinin ləğvi nəzərdə tutulur”.
Məlum olur ki, görüşdə xidməti və diplomatik pasporta malik Azərbaycan vətəndaşlarının viza almadan Avropanın əksər ölkələrinə getmələri də əksini tapacaq: “Rəsmi danışıqların Bakıdakı görüşdən sonar Brüseldə davam edəcəyi gözlənilir. 2012-ci ildə viza rejiminin sadələşdirilməsi haqqında anlaşmanın imzalanması realdır. Bu ildən Avropa Birliyi Azərbaycan vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq edəcək”. Bununla belə iqtisaçı indiki mərhələdə AB ilə Azərbaycan arasındsa viza rejiminin tamamilə aradan qaldırılmasının nəzərdə tutulmadığını diqqətə çatdırır. Lakin viza sadələşdirilməsi, eləcə də readmissiya haqqında danışıqların davamı olaraq ölkə vətəndaşlarının Avropaya vizasız getmələri məsələsinin müzakirə ediləcəyini də istisna etmir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.