"QEYRİ-KƏND TƏSƏRRÜFATI MALLARI ÜZRƏ ÜTT DANIŞIQLARI" MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB
13-02-2012 / 15:50
İqtisadi İnkişaf Nazirliyinin və İslam İnkişaf Bankının təşkilatçılığı ilə İslam İnkişaf Bankının Texniki yardım və potensialın artırılması proqramı çərçivəsində "Qeyri-kənd təsərrüfatı malları üzrə Ümumdünya Ticarət Təşkilatı danışıqları" mövzusunda seminar keçirilib. Bu barədə FaktXeber.com-a İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub.
Tədbirdə aidiyyəti dövlət qurumlarının və İslam İnkişaf Bankına üzv olan 15 ölkənin nümayəndələri, həmçinin ÜTT-nin, Beynəlxalq Ticarət Mərkəzinin, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının ekspertləri iştirak ediblər.
Seminarda çıxış edən İslam İnkişaf Bankının eksperti Syed Həbib Əhməd iştirakçıları salamlayaraq bu cür seminarların İslam İnkişaf Bankı tərəfindən quruma üzv ölkələrdə mütəmadi olaraq keçirildiyini bildirib, tədbirin məqsədi barədə məlumat verib.
İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Bəxtiyar Alışov seminarın İslam İnkişaf Bankına üzv ölkələr üçün əhəmiyyətini vurğulayıb, belə tədbirlərin əməkdaşlığın genişlənməsində faydalı olduğunu qeyd edib. Bəxtiyar Alışov bildirib ki, Azərbaycanın İslam İnkişaf Bankı ilə əlaqələri genişlənir və təsadüfi deyildir ki, 2010-cu ildə İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci İllik Toplantısı Bakıda keçirilib.
Tədbirdə qeyri-kənd təsərrüfatı malları üzrə aparılan danışıqlar barədə məlumat verilib, ÜTT-nin iştirakçısı olan İslam İnkişaf Bankına üzv ölkələrin, eləcə də danışıqlarda iştirak edən digər ölkələrin təcrübəsi müzakirə edilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.