"Buna nə ad qoymaq olar ki, hər hansı bir hakimiyyət xarici dövlətlərin xoşuna gəlmək üçün öz vətəndaşlarını saxta ittihamlarla həbsə atır"
13-02-2012 / 13:50
Bu gün 2010-cu il fevralın 13-də Məhəmməd Peyğəmbərin (s) vəfatı ilə əlaqədar “Hacı Sultanəli” məscidində əzadarlıq keçirəndən sonra Xocalı fəciəsinin ildönümü ərəfəsində Şəhidlər Xiyabanını ziyarət etmək istərkən polis zorakılığı ilə üzləşən 5 nəfər dindar - Elmar Səmədov, Elçin Abbasov, Seynur Hüseynov, Ağaəli Yəhyayev və Bilal Əhmədovun ümumilikdə 21 il 6 ay müddətinə həbs olunmasının 2 ili tamam olur. Hadisənin il dönümü ilə əlaqədar Azərbaycan İslam Partiyası dəyirmi masa keçirib. FaktXeber.com-un verdiyi məlumata görə, dəyirmi masada ölkənin tanınmış ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Tədbirdə ilkin olaraq çıxış edən AİP-in siyasi məsələlər üzrə müavini Akif Heydərli bildirdi ki, hadisədən iki il keçməsinə baxmayaraq, baş vermiş hadisə bu günə qədər hər birimizin təhdidinə səbəb ola bilər. Hadisədə ciddi xəsarət alan insanların AİP üzvləri olduğunu qeyd edən Akif bəy, həmin şəxslərə birlikdə 21,6 il həbs cəzası verildiyini bildirdi.
“38-ci ilin repressiyalarından fərqli olaraq, hazırda günahsız yerə həbs edilən şəxslərdən əfv ərizəsi yazmaq tələb olunur. Ölkədə islamçılar təhlükə mənbəyi kimi təqdim edilməyə çalışılır. Lakin onların üzlərinə duraraq yalançı şahidlik edən şəxslər isə, cəmiyyətə normal insanlar kimi təqdim edilirlər. Ancaq yalançı şahidlər ölkənin müstəqilliyinə və təhlükəsizliyinə ən cidd təhlükə hesab olunmalıdır. Çünki bu gün saxta ittihamlarla həbs edilən şəxslərin əleyhinə yalandan ifadə verən şəxslər, sabah çox rahat formada öz vətənini və torpağını satacaqlar.”
Hazırda polislərin saxta ittihamlarda iştirak etməsinin əsas səbəbinin onlarda olan vicdan və iman böhranından irəli gəldiyini qeyd edən Akif bəy, ölkədə konstitusiya qanunlarına əməl edilmədiyini bildirdi. “Eyni halda mövludların qeyd edilməsi Azərbaycan cəmiyyəti üçün xeyirli olduğu halda bunların qarşısı alınır. Bu cür qadağalar və təzyiqlər ölkənin beynəlxalq imicinə zərbə vuran amillərdəndir.”
Sonda Akif bəy bildirdi ki, AİP olaraq tələb edirik ki, haqsız yerə əsassız ittihamlarla həbs olunan islamçıları azad olunmalıdır.
Sonra çıxış edən “Birlik” təşkilatının sədri Vüsal Hətəmov, dindarları ölkənin siyasi-ictimai həyatında uzaqlaşdırmaq istəyinin nümayiş olunduğunu bildirdi. “Nəyə görə ölkənin inanclı kəsimi əlamətdar günlərdə Şəhidlər Xiyabanına yürüş etməməlidirlər? Bu təzyiqlərlə islamçıları sanki xalqın tərkibindən ayırmaq istəyirlər.”
Bundan sonra çıxış edən islamçıların müdafiə komitəsinin sədri Natiq Kərimov, 13 fevral hadisəsi ilə ölkədə islami hərəkata qarşı təzyiqlərin pik nöqtəsinin müşahidə edildiyini qeyd etdi. “Azərbaycanda islam nişanələrini tamamilə yığışdırmaq istəyirlər. Hətta Şəhid Mübarizin dəfni zamanı telekanallar üçün hazırlanan videoreportajlarda islamçıların səsləndirdiyi “Allahu Əkbər” şüarlarını musiqi ilə əvəz edirdilər. Ölkənin vəziyyəti çox kritikdir. Artıq ölkə idarə olunmaz formaya gəlib. Bu idarə olunmaz vəziyyət özünü həbslərdə göstərir. Buna nə ad qoymaq olar ki, hər hansı bir hakimiyyət xarici dövlətlərin xoşuna gəlmək üçün öz vətəndaşlarını saxta ittihamlarla həbsə atır.”
Dəyirmi masanın sonunda AİP tərəfindən bəyanat qəbul olundu.
Qeyd edək ki, keçən il avqust ayının 3-də Yasamal Rayon Məhkəməsində Hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən prosesdə, Elçin Abbasov və Seynur Hüseynova 4 il, Elmar Səmədov, Ağəli Yəhyayev və Bilal Əhmədova isə 4 il 6 ay həbs cəzası verilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.