Faktxeber.com-un verdiyi məlumata görə, Moskvanın «Qabal» restoranında cinayətkar aləmdə «Arif» ləqəbi ilə tanınan Azərbaycan əsilli «qanuni oğru» Mehdiyev Arif Nurəddin oğlu saxlanılıb.
Hüquqmühafizə orqanlanlarının sözlərinə görə, saxlanılan zaman Mehdiyev saxta pasport təqdim edib: «Bundan əlavə, cinayətkar aləmin liderini yoxlayan zaman üzərindən xarici görünüşdən heroinə oxşayan, 1,23 qramlıq tozşəkilli maddə ələ keçib. Araşdırma zamanı həmin maddənin həqiqətən də heroin olduğu ortaya çıxıb. Bununla əlaqədar olaraq «Narkotik maddələrin qanunsuz saxlanılması və daşınması» maddəsi ilə cinayət işi qaldırılıb».
Qeyd edək ki, Arif artıq neçə müddət idi ki, Rusiya hüquqmühafizə orqanlarının müşahidəsində idi.
Tula vilayətinin məhkəməsi «kriminal generala» Rusiya Federasiyası ərazisindən çıxarılması haqqında cəza kəsmişdi. Beləliklə, Mehdiyev Rusiya ərazisində qanunsuz olaraq yaşayırdı.
Verilən məlumata görə, Mehdiyev mənzil və insan oğurluğu, həmçinin narkotik maddələrin daşınması və yayılması ilə məşğul olan azərbaycanlılardan ibarət cinayətkar qrupa rəhbərlik edirmiş.
DİN polislərinin sözlərinə görə, «qanuni oğru» Moskvanın «Qabal» restoranında Rusiya Federasiyasının müxtəlif bölgələrində kriminal aləmlə bu və ya digər şəkildə əlaqəsi olan şəxslərlə görüşməli imiş.
Hazırda saxlanılan şəxsə qarşı RF Cinayət Məcəlləsinin «Saxta sənədlərin istifadəsi» və «Rusiya Federasiyası sərhədlərini qanunsuz keçmək» maddəsi ilə iş açılıb-açılmaması məsələsi həll olunur.
Kriminal avtorirtet hələ ki, nəzarət altında saxlanılır.
Emilya