İNTERNET SAHƏSİNDƏ ERMƏNİSTANDAN NİYƏ GERİ QALMIŞIQ?
Osman Gündüz: "İnternet keyfiyyətinin yüksəldilməsi üçün ilk öncə bazarda sağlam rəqabət yaratmaq lazımdır"
11-02-2012 / 12:34
İnternet World Stats 2011-ci ildə müxtəlif ölkələrdə internet istifadəçilərinin sayı haqqında hesabat yayıb. Hesabatda Azərbaycanın adı siyahıda qonşu Ermənistan və eyni halda digər postsovet ölkələrindən geridədir. Ölkədə internetin inkişafı üçün kifayət qədər maliyyənin ayrılmasına baxmayaraq, Azərbaycanın adı nəyə görə inkişaf etməmiş Ermənistan və eyni halda digər postsovet ölkələrindən geri qalır?
Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz, rəsmi açıqlamalara uyğun olaraq ölkədəki internet istifadəçilərinin sayının 50%-dən yuxarı olduğunu bildirdi. “İstifadəçilərin ümumi sayının 25%-ə yaxını isə internetdən geniş istifadə edən şəxslərin payına düşür. Lakin bu göstəricinin Ermənistanda nə qədər olduğunu deyə bilmərəm. Məncə Azərbaycanla Ermənistana müqayisə eləmək düzgün deyil. Çünki internet resursları olmayan bir ölkə ilə, Azərbaycan kimi yüksək imkanlara və resurslara malik ölkəni müqayisə etməyə dəyməz. Əlbəttə, bu rəqəmlər hətta bir-birilərinə yaxındırlarsa, hesab edirəm ki, normal bir şey deyil.”
Hazırda ölkədə internet istifadəçilərinin və eyni halda genişzolaqlı istifadəçilərin sayının çoxalması üçün münbit şəraitin yaradıldığını qeyd edən Osman bəy, “sadəcə olaraq bunu reallaşdırmaq lazımdır. Reallaşdırmaq üçün də hökumət ciddi addımlar atmalıdır. İnsanların keyfiyyətli internetə tələbatını təmini üçün zəruridir ki, Rabitə və İnformasiya Texnologiya Nazirliyi ciddi addımlar atsın. Məndə olan məlumata görə, “Aztelekom” tərəfindən nəhəng bir layihə hazırlanır. Layihəyə uyğun olaraq kəndlər genişzolaqlı internetə qoşula biləcəklər. Artıq layihənin həyata keçirilməsi üçün bir neçə şirkət təyin olunub”,- deyə bildirdi.
“Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi verdiyi açıqlama ilə təşkilatın açıqladığı hesabat arasında müəyyən ziddiyyətlər var. Nazirlik istifadəçilərin sayının 65% olduğunu dediyi halda, təşkilatın apardığı hesabat zamanı bu göstərici 41% olub. Bu cür ziddiyyətlər nədən doğur” sualına da aydınlıq gətirən Osman bəy, “nazirliyin açıqlamasında mobil telefonlardan istifadə edib internetə qoşulanlar da nəzərə alınıb”, - deyə bildirdi: “Hazırda aparılan araşdırmalar zamanı məlum olub ki, 30-40%-ə qədər insan mobil telefonlar vasitəsilə internetdən istifadə edirlər. Nazirliyin açıqladığı rəqəmlərdə mobil telefonlardan istifadə edən şəxslərində sayı nəzərə alınır. Lakin mobil telefonlar vasitəsilə internetdən istifadə edən şəxslər keyfiyyətli və normal istifadəçi hesab oluna bilməz.”
Digər ölkələrlə müqayisədə Azərbaycanda internet qiymətinin bahalığını və eyni halda qiymətə uyğun keyfiyyətin zəifliyini internet provayderləri ilə əlaqədar olduğunu qeyd edən Osman Gündüz, “belə hallar ölkədə olan şirkətlərin çox pul qazanmasında irəli gəlir. Hazırda internet bazarında azad rəqabət yoxdur. Hələ də bazarlarda dövlət provayderləri mövcuddur. Bazarlarda internetin qiymətini nazirlik müəyyən edir. Nazirliyin göstərişinə uyğun olaraq internet qiymətlərində dəyişiklik edilir. İnternet keyfiyyətinin yüksəldilməsi üçün ilk öncə bazarda sağlam rəqabət yaratmaq lazımdır” ,-deyə qeyd etdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.