Ukraynanın bir sıra gənclər təşkilatları da "Xocalıya ədalət" kampaniyasına qatılıblar
10-02-2012 / 21:30
FaktXeber.com xəbər verir ki, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) təşəbbüsü ilə Ukraynada fevral “Xocalı ayı” elan olunub.
UAGB-dən verilən məlumatda ildirilir ki, bununla bağlı birliyin keçirdiyi tədbirdə Ukraynanın bir sıra gənclər təşkilatları da “Xocalıya ədalət” kampaniyasına qatılıblar.
UAGB-in sədri Anar Tahirov tədbir iştirakçılarına 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib: "20 il bundan əvvəl Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılmasında bu tədbirlər müstəsna rol oynayıb. UAGB-in sədri bu istiqamətdə dünyanın müxtəlif ölkələrində olduğu kimi, Ukraynada yaşayan azərbaycanlı gənclərin də üzərinə böyük məsuliyyət düşür".
İKGF ilə UAGB-in birgə təşkilatçılığı ilə ötən il Ukraynada fevralın “Xocalı ayı” elan olunmasının əhəmiyyətindən danışan birliyin fəalları ənənəyə sadiq qalaraq, bu il də “Xocalı ayı” çərçivəsində Ukraynanın bir sıra vilayət və şəhərlərində silsilə tədbirlərin keçiriləcəyini söyləyiblər.
Ukrayna Gənclər Assambleyasının sədri Yuna Şeyxaliyeva və Kiyev Gənclər Mərkəzinin sədri Roman Qriqorişin isə deyiblər ki, Xocalı hadisələri adi bir faciə deyildir. Bu, insanlığa qarşı törədilmiş cinayət və əsl soyqırımıdır. Onlar Xocalı soyqırımının Ukrayna ictimaiyyətinə çatdırılması üçün rəhbərlik etdikləri təşkilatların “Xocalıya ədalət” kampaniyasına qoşulduğunu bəyan ediblər.
Vurğulanıb ki, tədbirlər planına əsasən, Ukraynanın bir sıra vilayət və şəhərlərinin mərkəzi meydanlarında “Xocalıya ədalət” şüarı ilə etiraz aksiyalarının keçirilməsi, Xocalı soyqırımına dair bukletlərin paylanması, anma mərasimlərinin təşkili planlaşdırılıb. Həmçinin Xocalı faciəsini özündə əks etdirən sənədli filmlərin nümayişi, ATƏT-in, BMT-nin Ukraynadakı nümayəndəliklərinin qarşısında etiraz aksiyasının keçirilməsi və bu təşkilatlara xüsusi qətnamələrin təqdim edilməsi nəzərdə tutulub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.