Sahib Məmmədov: "2003-cü ildən bu günə qədər 1 milyon iş yerinin açılması real bir rəqəmə oxşayır. Amma başqa bir məsələ də var ki, ölkədə kifayət qədər bağlanan və sıradan çıxan iş yerləri də var"
09-02-2012 / 19:55
Rusiya Federal İmmiqrantlar İdarəsinin rəhbəri Konstantin Romodanovski bildirib ki, 2011-ci ildə 500 min Azərbaycan vətəndaşı işləmək üçün Rusiyaya gedib. Lakin Azərbaycan rəsmiləri bildiriblər ki, son vaxtlar ölkədə 1 milyondan çox iş yerləri açılıb. Ölkədə 1 milyondan çox iş yerlərinin açıldığı halda 500 min vətəndaşın işləməsi üçün xaricə getməsi nə ilə bağlıdır?
Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən iqtisadçı ekspert, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov maraqlı fikirlər səsləndirdi. Ekspert Rusiya rəsmiləri tərəfindən deyilən rəqəmlərin, digər statistik rəqəmlərlə uyğun gəlmədiyini bildirdi: “Rəsmi statistik açıqlamalarda muzdlu əmək fəaliyyəti həyata keçirən azərbaycanlı imiqrantların sayının 600 min olduğu bildirilir. Rusiyada yaşayan azərbaycanlıların bir qismi vətəndaşlıq qəbul etdiyinə, bir qismi isə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə, onlar hesablanmır. Sırf əmək fəaliyyəti məşğul olan azərbaycanlıların sayı 600 mindir. Ola bilsin ki, bu istiqamətdə leqallaşma prosesi aparılır. Əvvəlki illərdə qeyri-leqal vəziyyətdə olanlar, indi leqallaşırlar.”
Bu cür hesablamalarda ölkəyə gəlib-qayıdanların da nəzərə alındığını qeyd edən Sahib bəy, “ola bilsin belə bir hesablama nəticəsində, Rusiyada tərəfindən rəsmi statistika əldə edilə bilsin”, - deyə qeyd etdi: “Ölkə rəsmilərinin dediyi kimi 2003-cü ildən bu günə qədər 1 milyona yaxın iş yerləri açılıb. Lakin bağlanan iş yerləri haqqında heç bir açıqlama verilmir. 2003-cü ildən bu günə qədər 1 milyon iş yerinin açılması real rəqəmə oxşayır. Amma başqa bir məsələ də vardır ki, ölkədə kifayət qədər bağlanan və sıradan çıxan iş yerləri də var. Bağlanan və açılan iş yerləri arasında olan balansı çıxaranda isə ortalıqda nə alınacağını deyə bilmərik”.
Xəyal Şükür
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.