Qubad İbadoğlu: "Kifayət qədər istedadlı şagirdlər vardır ki, ödənişlərin yüksəkliyinə görə, təhsildən məhrum olublar"
09-02-2012 / 14:37
Rəsmi statistikalar görə, bu il ölkədə ödənişli əsaslarla özəl və dövlət ali təhsil müəssisələrinə qəbul olunanların sayı ümumi tələbələrin 67,62%-ni təşkil edir. Belə ki, tələbələrin 54,07% dövlət və 13,55%-i isə özəl ödənişli ali təhsil ocaqlarına daxil olublar. Eyni halda, keçən ilə nisbətən bu il ali təhsil məktəblərində olan ödənişlərin qiymətləri kifayət qədər artıb. Bəs artan təhsil haqları və eyni halda ödənişli təhsil səviyyəsinin çoxalması əhalinin iqtisadi durumu ilə uyğun gəlirmi? Belə bir hal təhsilin inkişafına nə kimi təsir göstərir?
Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu, artan təhsil haqlarının əhalinin iqtisadi durumu ilə uyğun gəlmədiyini bildirdi: “Əhali arasında elə qruplar var ki, onlar üçün bahalı təhsil haqları əl çatan olur. Lakin elə bir şərait yaradılmalıdır ki, bu ödənişləri yalnız valideyn yox, eyni halda tələbə də həyata keçirə bilsin.”
Hazırda ölkədə gənclərin məşğulluq problemi olduğunu qeyd edən Qubad bəy, “gənclər işlə bağlı təminatda müəyyən çətinliklərlə üzləşirlər və eyni halda tələbə kreditlərinin Azərbaycanda çox bahalı olduğundan bu cür təhsil əhalinin iqtisadi durumu ilə uyğun gəlmir”, - deyə bildirdi: “Əhalinin gəlirləri baxımdan da təhsil haqlarının ödənilməsində müəyyən çətinliklər var. Digər bir tərəfdən, bu yaxınlarda açıqlanan beynəlxalq hesabatda məlum oldu ki, Azərbaycanda gəlirlərin 70%-ə qədəri ərzaqa xərclənir. Yəni bu o deməkdir ki, vətəndaşlar təhsil haqlarını həyata keçirmək üçün əhəmiyyətli yığımlara malik deyillər. Təbii ki, ödənişli təhsilin artması və eyni halda ödənişlərin yüksək olması bu sahədə müəyyən problemlər yaradır.”
Sonda belə bir halın təhsilin inkişafına mənfi təsir göstərdiyini vurğulayan Qubad bəy, “kifayət qədər istedadlı şagirdlər vardır ki, ödənişlərin yüksəkliyinə görə, təhsildən məhrum olublar”, - deyə bildirdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.