Ölkə başçısı İlham Əliyev və onun xanımı Mehriban Əliyeva nəhayət ki, qondarma erməni soyqırımı ilə bağlı Fransa tərəfindən qəbul edilən qanun layihəsinə rəsmi şəkildə etiraz etdilər. Lakin bu günə qədər istər ölkə ictimaiyyətində, istərsə də qardaş Türkiyədə məsələyə ölkənin ən yüksək rəsmiləri tərəfindən etiraz edilməməsi ilə bağlı ciddi narazıçılıqlar var idi. Azərbaycan hökumətinin məsələyə bu qədər gec münasibət bildirməsinin səbəbləri nədir? Və ya etiraz artıq gec deyil ki? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən partiya sədrləri bildirdilər:
KXCP sədri Mirmahmud Mirəlioğlu, ölkə başçısı tərəfindən edilən etirazla tanış olmadığını bildirdi.
Rəsmi Bakının etirazını gözləməyin hər kəsin haqqı olduğunu qeyd edən Mirmahmud bəy, eyni halda qardaş Türkiyənin də belə bir etirazı gözləmək hüququ var-deyə bildirdi.
Azərbaycan hökumətinin bu qədər gec etiraz etməsinin əsl səbəbin ən yaxşı formada özləri bilirlər. Lakin biz mülahizə irəli sürə bilərik. Fransanın Aşağı Palatasında və Senatda qanun layihəsi müzakirəyə çıxarılarkən bu məsələyə münasibətimizi bildirmişik. Hətta arzulamışıq ki, Mehriban xanım, Sarkozinin ona hədiyyə elədiyi ordendən də imtina eləyərək Azərbaycan hakimiyyətinin bir başa mövqeyini göstərsin.
Gecikmiş münasibətin hal-hazırda heç kimə lazım olmadığını qeyd edən KXCP sədri, "artıq təxminən hər kəs bilir ki, dövlətin atacağı addımlar nədən ibarət olacaq. Belə münasibət artıq nə Türkiyəyə, nə də ki, Azərbaycan lazım deyil", - deyə bildirdi.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə: “Ümid Partiyası olaraq hakimiyyətdə olsaydıq, fərqli mövqe sərgiləyərək, daha da sərt şəkildə münasibət bildirərdik. Lakin hakimiyyətdə olmadığımız üçün bu məsələlərə münasibətimiz Ümid Partiyası səviyyəsindədir, hakimiyyətin əvəzinə bu sualı cavablandıra bilmərik.”
İqtidarı təmsil etmədiyi üçün bu sualı cavablandıra bilməycəyini söyləyən İqbal bəy, “bu sualı ən gözəl formada iqtidar nümayəndələri və Prezident Administrasiyasının rəsmiləri cavablandıra bilərlər”, - deyə qeyd etdi: “Əgər söhbət rəsmi mövqedən gedirsə, Azərbaycan Xarici İşlər Nazirliyi və Milli Məclisdə bu məsələyə öz rəsmi mövqelərini bildiriblər.”
ADP sədri Sərdar Cəlaloğlu, hakimiyyətin bu addımı effektli qiymətləndirib: “Mənə elə gəlir ki, iki cür diplomatik gediş var. Açıq və gizli. Azərbaycan tərəfi məncə bu iki yoldan istifadə etdi. İlk öncə Xarici İşlər Nazirliyi və eyni halda 125 nəfərlik deputat adından rəsmi şəkildə Fransaya etiraz etdi.”
Sonda da Fransa senatorlarının ölkəyə dəvət olunaraq prezident səviyyəsində etiraz edilməsinin ilk atılan addımların məntiqi sonluğu olduğunu qeyd edən Sərdar bəy, “sonucu atılan addım da ilk etirazların məhz İlham Əliyevin iradəsini ifadə etdiyini göstərdi”,-deyə qeyd etdi: “Lazım deyildi ki, ilk günlərdə müxalifət və eyni halda Türkiyə hakimiyyəti kimi sərt bir mövqe sərgilənsin. Amma hər halda mənə elə gəlir ki, bu cür gec münasibət bildirmək effektli oldu.”
Xəyal Şükür