""KHAZAR İSLAND"IN HƏYATA KEÇİRİLMƏSİ REALLIĞA UYĞUN DEYİL"
Vüqar Bayramov: "60 milyard pulumuz olsaydı, sözsüz ki, birmənalı şəkildə yeni investisiya və sosial layihələrin həyata keçirilməsi mümkündür"
07-02-2012 / 19:13
Bir neçə müddət bundan öncə “Khazar Island” (“Xəzər adaları”) layihəsi ilə bağlı “Avesta” konserninin rəhbəri İbrahim Nehrəmli açıqlama vermişdi. Konsern rəhbərliyi tərəfindən verilən açıqlamada layihənin ümumi qiymətinin 60 milyard dollar olduğu bildirilirdi. Lakin sonradan mətbuatda yayılan məlumatlarda layihənin qiyməti ilə bağlı çeşidli rəqəmlər (100-125 milyard dollar) göstərildi. Təxminən Azərbaycanın büdcəsindən 3 dəfə çox olan layihənin reallaşması nə dərəcədə mümkündür? Mövzu ilə bağlı FaktXeber.com-un suallarını iqtisadçı ekspert Vüqar Bayramlı cavablandırıb.
- Vüqar bəy, sizcə bu layihəni nə qədər uğurlu hesab etmək olar?
- Əvvəla, layihənin qiyməti haqqında açıqlanan rəqəmlərin hər üçü də kifayət qədər böyükdür. Ayrıca pul dollar olsa belə, bu kifayət qədər bahalı layihədir. Kifayət qədər bahalı layihə olduğu üçün bunun iqtisadi cəhətdən səmərəliliyi inandırıcı gözlənilmir. Sadəcə olaraq, söhbət ondan gedir ki, 60 milyard dollar Azərbaycan dövlət büdcəsinin təxminə 1/3-nə bərabərdir. Əgər layihənin dəyəri ən azı 60 milyard dollardırsa, həmin maliyyənin tapılması kifayət qədər problemlidir. Praktikada inkişaf etməkdə olan ölkələrdə bu tip reallaşan layihələrə investorlar 60 milyard dollar investisiya yönəltməkdə maraqlı deyillər. Bu baxımdan, “Khazar Island” layihəsinə xarici investorların yönəldilməsində yaranacaq çətinliklər qaçılmazdır. Layihəni qiymətləndirən zaman layihənin maliyyələşdirilmə mənbələrinin kifayət qədər qaranlıq olması qeyd edilməlidir. Bu əsas məqamlardan biridir. Eyni zamanda, ölkədə insanların alıcılıq qabiliyyətinin və ölkəyə cəlb edilən turizm potensialının aşağı olmasını nəzərə alındıqda, 60 milyard dollarlıq layihənin iqtisadi baxımdan səmərəlilik ehtimalı kifayət qədər aşağıdır. Azərbaycanın praktiki olaraq həm obyektiv, həm də subyektiv səbəblərdən və eyni halda regionda konfliktin olması və digər səbəblərdən ölkədə olan turizm paketlərində müəyyən limitləri var. Ona görə də, layihə turistlərin və xaricilərin cəlb olunması baxımından səmərəli olmaya bilər. Düşünmürəm ki, bu qədər bahalı layihənin həyatı keçirilməsi reallığa çevrilsin. Hətta layihə reallaşsa belə, iqtisadi cəhətdən səmərəli olmayacaq.
- Belə ehtimallar var ki, “Avesta” konserinin bu qədər maliyyəsinin olmadığı üçün bu layihə büdcədən maliyyələşdiriləcək. Bu barədə nə deyə bilərdiz?
- Layihənin bir hissəsi büdcədən maliyyələşdirilə bilər. Lakin praktiki olaraq düşünmürəm ki, dövlət büdcəsindən bu layihənin maliyyələşdirilməsi həyata keçirdiləcək. Ona görə keçirilməyəcək ki, bir layihənin dəyəri dövlətin illik gəlirindən 3 dəfə çoxdursa, dövlət büdcəsi həmin layihəni necə maliyyələşdirsin? Eyni zamanda, bura da özəl biznesin və investisiyanın cəlb edilməsindən söhbət gedirsə, təbii ki, nə üçün dövlət investor kimi çıxış etməlidir. Azərbaycanda 60 milyard miqdarında layihənin həyata keçirilməsi üçün hər hansı bir təşkilatın və şirkətin gücü yoxdur. Bu baxımdan, layihənin dövlət büdcəsi hesabına həyata keçirilməsi ağıla batan deyil.
- Layihəyə ayrılan pullarla ölkədə hansı işlər görmək olardı?
- Əgər bu qədər pulumuz olsaydı, sözsüz ki, birmənalı şəkildə yeni investisiya və sosial layihələrin həyata keçirilməsi mümkündür. Eyni halda, mənzil problemlərinin həll edilməsi üçün dünyanın inkişaf etmiş ölkələrində həyata keçirilən sosial layihələri ölkəmizdə tətbiq etmək mümkündür. Belə ki, hazırda Türkiyədə vətəndaş aylıq 75 dollar ödəməklə mənzil əldə edir. Azərbaycanda da bu tip layihələrin həyata keçirdilməsində müəyyən nailiyyətlər əldə edə bilər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.