MOSKVA VƏ SANKT PETERBURQDAN PUTİNƏ "İKİNCİ TUR" SİQNALI
İctimai sorğunun nəticələri Baş nazirin qanını qaraldacaq
07-02-2012 / 16:28
FaktXeber.com-un verdiyi məlumata görə, Ümumrusiya İctimai Rəy Araşdırmalar Mərkəzinin (VTsİOM) son sorğusunun nəticələri açıqlanıb. Nəticələrə görə Rusiyanın baş naziri Vladimir Putinin namizədliyinə Moskvadan 43, ana vətəni Sankt Peterburqdan isə 47 faiz dəstək verilib. Bu isə onu göstərir ki, Putin istər-istəməz ikinci tura qalacaq.
Qeyd edək ki, martın 4-də keçiriləcək prezident seçkilərinin favorit namizədi hesab olunan Putin ilk turda seçilməsi üçün 50+1 səs qazanmalıdır.
Sözügedən hər iki böyük şəhərdə keçirilən sorğunun sürpriz nəticəsi isə rus milyarder namizəd Mixail Proxorovdur. Moskva və Sankt Peterburqda digər müxalif partiya namizədlərini də keçərək Putindən sonra ikinci sırada qərarlaşan milyarder namizədə dəstək Moskvada 12, Sankt Peterburqda isə 11 faiz olub.
Kommunist Partiyasının lideri Genadi Zyuqanov Moskvadan 8, Sankt Peterburqdan isə 5 faiz səs toplayıb. VTsİOM-a görə radikal sağçı lider Vladimir Jirinovski Moskvadan 6, Sankt Peterburqdan isə 5 faiz dəstək alıb. Ədalətli Rusiyanın lideri Sergey Mironov paytaxtdan 4, Sankt Peterburqdan 5 faiz səs ala bilib.
Qeyd edək ki, yanvarın 28-də keçirilən sorğunun nəticələrinə görə isə Putinə dəstək ölkə daxilində 3 bal artaraq 52 faizə çatıb. Zyuqanov və Jirinovskinin ölkə daxilində 8 faiz dəstək qazandığı sorğuya görə, Mironov və Proxorov 4 faiz səs toplayıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.