|
Son vaxtlarda ölkədə korrupsiyaya qarşı mübarizə aparılır. Şikayət edən vətəndaşların ərizələrinə baxılır. Lakin cinayət işinin açılması, kiminsə həbs olunması məsələsi ortaya gələndə müəyyən müəmmalar ortaya çıxır. Korrupsionerin həbs olunmasından imtina edən vətəndaşlar da olur. Respondentlərimizə “Korrupsiya törətmiş, rüşvət almış adamı bağışlamaq olarmı?” sualı ilə müraciət etdik.
Tərlan Ələkbərli, tələbə:
- Yox, o törətdiyi cinayətə görə cavab verməlidir. Heç bir cinayətkar cəzasız qalmalı deyil. Cəzasızlıq növbəti cinayətin təməlini qoyur.
Elmin Bədəlov, müxbir:
- Bütün hallarda rüşvət alan şəxslər qanunla məsuliyyətə cəlb olunmalıdır. Rüşvət alan şəxsi bir halda bağışlamaq olar. Əgər o şəxs qanun qarşısında məsuliyyətə cəlb olunub cəzasını çəkibsə, onu bağışlamaq olar. Həmçinin bir daha rüşvət almayacağına söz verməlidir. Həmin şəxs cəzasını çəkibsə artıq onu bağışlamaq olar. Əks təqdirdə olmaz.
Əhməd Rəhmanov, qaz ustası:
- Yox, bağışlamaq olmaz. Rüşvət isə baxır miqdarına. İndi milyon alanı yox, qəpik-quruş alanı tuturlar. 150 manat maaş alan həkim, ya müəllim necə o pulu almasın axı?! Amma xırda alanları da tutmasalar, inqilablar olmaz. Yəni az maaş alanı boğaza yığmaq lazımdır ki, qeyrətə gəlib inqilab etsin.
Şəlalə Nəriman, jurnalist:
- Korrupsiya törətmək, rüşvət almaq Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və digər hüququ aktlarla qanun pozuntusu və ya cinayət sayılır. Bu məsələni qanun tənzimləyir. Problemə mənəvi tərəfdən yanaşma da bu halın insan mənəviyyatına zidd olduğunu göstərir. Belə ki, rüşvətxor öz mənliyini satmaqla yanaşı, həm də birinin hüququnu digərlərindən üstün tutmuş olur. Məncə, korrupsiya törətmiş, rüşvət almış şəxsi məhkəmə proseduru ilə yalnız istisna hallarda qanun bağışlaya bilər.
Dəniz Məmmədova, katibə:
- Korrupsioneri, rüşvətxoru tutdurmaq lazımdır. Lakin mən bunu bacarmaram. Yəqin ki, mən rüşvətin, korrupsiyanın qətl qədər ağır cinayət olduğunu dərk etmirəm.
Cəvahir Qurbanova, operator:
- Tutdurmağı bacarmaram. Həddindən artıq haqqsızlıqla qarşılaşsam, onda tutduraram.
Elşən Məmmədəliyev, idmançı:
- Yox, bağışlamaq olmaz. Şəxsən mən rüşvət alan adamı bağışlamaram.
Zahir Ələkbərov, poçtalyon:
- Onları nəinki tutmaq, asmaq, edam etmək lazımdır. Yalvarsa da bağışlamaram. Bu tipli məxluqların kökünü kəsmək lazımdır.
Nuranə Mehdiyeva, laborant:
- İstənilən halda rüşvətxoru tutdurmaq lazımdır. Əks halda özünüz də cinayət ortağı olursunuz. Belə adamları bağışlamaq günahdı. Çünki onu bağışlamaqla yüzlərlə çarəsiz insanların haqqına giririk. Həm də niyə də bağışlayasan ki? Belə “adam”ların min sifəti var.
Fuad Cəbiyev, QHT əməkdaşı:
- Təəssüf ki, dünya əhalisinin sayı artdıqca, insanların sayı azalır. Nə olardı ki, bütün vəzifədə oturanlar insaflı olardı. Yox, o məmur kreslosunda nə varsa, bütün yaxşı adamlar, o kresloya əyləşən ki, simasızlaşırlar.
Cəfər Talıb
|