Rafiq Əliyev: "Mənim sovet dövründə belə bir yazım çıxmışdı ki, Stalinin dövründə yaşamaq istəmirəm"
07-02-2012 / 12:18
Rəsmi statistikaya görə, 2011-ci il məzunları arasında olan 1253 əlaçının 15 nəfəri 0-100, 35 nəfəri 100-200, 60 nəfəri isə 200-300 arasında bal toplayıb. Ölkə təhsilində bu cür vəziyyətin yaranması nə ilə bağlıdır? Ali məktəblərə qəbul imtahanları çətin olur, yoxsa orta məktəblərdə qiymətləndirmə düzgün aparılmır və yaxud bunun başqa səbəbləri var? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Ziyalılar Forumun üzvü, dünya şöhrətli professor Rafiq Əliyev maraqlı fikirlər səsləndirdi.
Rafiq müəllim bunun səbəbinin təhsilə sosial sifarişin olmaması ilə əlaqələndirərək, “ölkədə təhsilli adamlara sosial sifarişlərin olmadığı üçün, təhsil prestij deyil”, - deyə qeyd etdi: “Bu hal iqtisadi modellə bağlıdır ki, ölkə hansı iqtisadi modellə idarə olunur. Şimali Amerika və Qərbi Almaniya ölkələri bilik iqtisadi modelləri ilə fəaliyyət göstərirlər. Əgər BMT-nin hesabatına nəzər salsaq, orada yazılıb ki, ABŞ nə istehsal edib. İki nöqtə qoyduqdan sonra belə yazırlar ki, bu ölkələrin gəlirləri yalnız biliyin hesabınadır.”
Bilikdən əldə edilən gəlirin neftin gətirdiyi milyonlarla gəlirdən üstün olduğunu qeyd edən professor, inkişaf etmiş ölkələrin əsasən bilik istehsal etdiyini bildirdi. “Bilik modeli ilə idarə olunan ölkələr cəmi 17-18% məhsul istehsal edirlər. Lakin əsasən bilik istehsal olunur. Bilik istehsal etmək üçün yüksək təhsil və elm lazımdır. Ona görə də onların orta və ali məktəblərini də götürsək görərik ki, bizdə olan situasiya orada yoxdur.”
Dünyanın 100 əsas universitetindən 90-nın Şimali Amerika ölkələrinin payına düşdüyünü söyləyən Rafiq Əliyev, ölkələrin idarə edilməsi üçün digər iqtisadi modellərin də olduğunu bildirdi: “Texnoloji iqtisadi model vardır ki, bu modelin tərəfdarları elmə çox üstünlük vermirlər. Onlar elmə o qədər fikir verirlər ki, nə qədər təmiz məhsul əldə edə bilərlər. Buna misal olaraq Yaponiyanı, Cənubi Koreyanı misal göstərmək olar.”
Rafiq müəllim digər iqtisadi formulun xammala yönələn modellərlə bağlı olduğunu qeyd edərək, bu modeldən Azərbaycanın, Rusiyanın və Qazaxıstanın istifadə etdiyini bildirdi: “Bu ölkələr yalnız xammal istehsal edirlər. Yerdə qalan məhsulların 90%-ni ölkəyə idxal edirlər.”
Azərbaycanda təhsilin aşağı səviyyədə olmasının səbəbinin məhz ölkənin idarə edilməsində istifadə olunan iqtisadi modeldən asılı olduğunu qeyd edən professor, “əgər hər hansı bir şəxs bilsə ki, yaxşı oxumaqla yüksək pul qazanacaq, o heç vaxt oxumaqdan yayınmaz”, - deyə vurğuladı: “Mənim sovet dövründə belə bir yazım çıxmışdı ki, Stalinin dövründə yaşamaq istəmirəm. Ancaq o vaxt ali və orta məktəbdə oxuyan şəxs yaxşı oxusaydı, SSRİ-də ən yüksək zümrə hesab edilərək ən yaxşı maaşla təmin olunardı. Yəni elmə sifariş var idi.”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.