Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib
06-02-2012 / 18:32
Partiyanın mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, yığıncağın əvvəlində İsa Qəmbər Türkiyə səfəri və orada keçirdiyi önəmli görüşlər haqqında məlumat verib. Daha sonra Qubad İbadoğlu Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Forumunun təşkilatçılığı ilə Brüsseldə təşkil edilmiş beynəlxalq konfransda iştirakı haqqında məlumat verib.
İctimai Palatanın son sessiyası haqqında fikir mübadiləsi aparılıb. İctimai Palatanın “2012-ci ilin Fəaliyyət Proqramı” yüksək qiymətləndirilib. Sessiyanın hökumətin qarlı və şaxtalı günlərdə fərasətsiz davranışı və təbiətin yaratdığı problemləri aradan qaldıra bilməməsi haqda verdiyi bəyanat obyektiv sənəd kimi dəyərləndirilib.
Gündəliyin partiyadaxili məsələ bölümündə VIII Qurultaya hazırlıq məsələləri müzakirə edilib. Bir sıra rayon təşkilatlarında keçirilmiş və nəzərdə tutulan hesabat-semki konfransları haqda məlumat verilib.
Qeyd edilib ki, Bakı şəhəri İcra Hakimiyyəti Qurultay keçirilməsi üçün yer ayrılması haqda partiyanın rəsmi məktubuna hələ də cavab verməyib. Divan bunu hakimiyyətin Müsavat Partiyasının Qurultayının keçirilməsinə süni maneə yaratması kimi qiymətləndirib və müraciətə yubadılmadan müsbət cavab verilməsi istənilib.
Yığıncağın sonunda Ziyalılar Forumunun ölkə gənclərinin problemlərinə həsr edilmiş son tədbiri haqqında da fikir mübadiləsi aparılıb. Divan son tədbir də daxil olmaqla ümumən Ziyalılar Forumunun fəaliyyətini müsbət qiymətləndirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.