“Qarabağdan öncə Azərbaycanın taleyi düşünülməlidir. Ümumi götürəndə həm dünyada, həm də ki, Azərbaycanın daxilində baş verən problemlər və eyni halda hər gün sosial problemlərin artması, ondan xəbər verir ki, ölkənin durumu heç də yaxşı vəziyyətdə deyil. Azərbaycanın özündə, eyni halda xarici imicində hər hansı bir ciddi dəyişiklik baş verməsə və ümumiyyətlə öz yolunu uzun müddətli bir proseslə müəyyən etməsə, Qarabağ münaqişəsinin həllində daima problemlər mövcud olacaq.”
Bu sözləri politoloq Zəfər Quliyev, “Qərbin də münaqişə ilə bağlı gücsüzlüyünü etiraf etdiyini nəzərə alsaq, bundan sonra Qarabağın taleyi necə olacaq” sualını cavablandırarkən Faktxeber.com-a bildirib.
Qeyd edək ki, Avropa Xarici Əlaqələr Şurasının “Avropanın xarici siyasət göstəriciləri-2012" adlı hazırladığı hesabatında məlum olub ki, Avropa İttifaqının son 10 ildə Qarabağ münaqişəsinin nizamlanmasına yönələn səyləri heç bir nəticə verməyib. Aİ-nin ekspertləri etiraf ediblər ki, Brüsselin səylərinin tamamilə iflasa uğradığı bir vaxtda, Azərbaycanla Ermənistan arasında gərginlik artıb və Aİ-nin Qarabağ münaqişəsinin nizamlanmasına təsir imkanları məhduddur.
Azərbaycanın 10 ildən artıqdır ki, Avropa Şurasına üzv olduğunu qeyd edən politoloq, bu günə qədər AŞ qarşısında götürdükləri öhdəliklərin hamısına əməl etmədiyini bildirdi: “Nə qədər ki, dünyanın tələb etdiyi dəyərlərə və öz üzərimizə götürdüyümüz öhdəlikləri əməl etməyəcəyik, belə olan halda gözləməməliyik ki, dünya dövlətləri Qarabağ münaqişəsini bizim üçün həll edəcəklər. Bu bir az məntiqsiz yanaşmadır. Eyni zamanda, keçən ilin sonunda və bu ilin əvvəlində 2011-ci illə bağlı bir çox beynəlxalq təşkilatların hesabatları da göstərir ki, ölkəmizdə demokratiya, korrupsiya və insan haqlarının pozulması istiqamətində kifayət qədər geriləmə mövcuddur. Qarabağ probleminin həlli üçün Azərbaycan yaxşı bir imic ortalığa qoymadığı halda, daima beynəlxalq təşkilatlardan incikliyini bildiririk niyə görə bizlərə dəstək nümayiş etdirmirsiz.”
Hətta demokratiya və korrupsiya sahəsində Azərbaycanla eyni səviyyədə olan Ermənistanın da bir neçə il bundan əvvəl ölkəsində kosmetik xarakterli islahatların apardığını qeyd edən Zəfər bəy, bununla da Ermənistanın reytinqinin Azərbaycana nisbətən artdığını bildirdi: “Təəssüflə bildirmək lazımdır ki, Azərbaycanda kifayət qədər geriləmələr mövcuddur. Təsadüfü deyil ki, beynəlxalq forumlarda Azərbaycan Misirdəki inqilabdan qabaqkı vəziyyətlə müqayisə edilir. Azərbaycan rəhbərliyinin də cavabı da çox qəribə oldu. Hər halda əvvəlki illərdə ki, kimi Azərbaycan hakimiyyəti ölkədə olan problemləri etiraf etmək istəmir. Bunların mövqeyindən belə görsənir ki, Azərbaycan sürətlə inkişaf edir və ölkədə işsizlik və heç bir sosial problem mövcud deyil.”
Rusiyada gedən proseslərin dünyanın dəyişməsindən xəbər verdiyini qeyd edən Zəfər bəy, “Rusiya hakimiyyəti etirazlara görə öz siyasi ritorikasını dəyişməyə məcbur olub. Hətta Putin belə islahatlar mövzusu ilə ortalığa çıxıb ki, korrupsiya və digər məsələlərlə bağlı ölkədə ciddi islahatlar aparılmalıdır”, - deyə bildirdi: “Qarabağ məsələsi ilə də bağlı ölkədə durğunluq atmosferi mövcuddur. Bu məsələnin həlli ilə bağlı maraqlı tərəf ilk növbədə Azərbaycan olmalıdır. Danışıqların uzanması ilə bağlı Ermənistan tərəfi heç nə itirmir. İtirən yalnız Azərbaycan tərəfidir.”
Zəfər bəy Azərbaycanın Qarabağla bağlı danışıqları intensivləşdirmək üçün xarici siyasətində ciddi dəyişikliklər etməsinin zəruri olduğunu bildirərək, “münaqişənin həlli ilə bağlı öz müttəfiqlərinin tapmalıdır”, - deyə bildirdi.
“Belə bir şəraitdə müharibə məsələsi real görsənmir. Regionda vəziyyətin dəyişməsi Qarabağ məsələsini daha da əngəlləyə bilər. İran ətrafında hər hansı bir müharibənin baş verməsi Qarabağ məsələsinin taleyini tamamilə sual altına qoya bilər” söyləyən politoloq, 2012-ci ildə Rusiya, ABŞ, Fransa və Ermənistanda, 2013-cü ildə isə Azərbaycanda prezident seçkilərinin keçiriləcəyini və belə bir vəziyyətdə Qarabağ məsələsində hər hansı canlanmanın baş verməyəcəyini vurğuladı.
Xəyal Şükür