"İSA QƏMBƏR CÜRBƏCÜR OYUNLARLA BAŞQALIQDAN ƏL ÇƏKMİR"
Siyavuş Novruzov: İsa Qəmbər cürbəcür oyunlarla Müsavat başqanlığından əl çəkmir
06-02-2012 / 13:52
FaktXeber.com xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, İsa Qəmbər cürbəcür oyunlarla Müsavat başqanlığından ikiəlli yapışıb və əl çəkmir.
Siyavuş Novruzov qeyd edib ki, Etibar Məmmədov nümunə göstərdi. O, AMİP sədrliyindən getdi, bununla da məsələ bitdi. Ancaq üç ildir ki, İsa Qəmbərin Müsavat başqanlığından getməsi məsələsi qəzet mövzusudur. Ya bu partiyada başqan seçilməyə dəyərli adam yoxdur, ya da indiki partiya sədri bu vəzifədən əl çəkmək istəmir.
Novruzovun sözlərinə görə, partiya rəhbərliyindən getməyin bir yolu var: qurultay keçirilir, istefa qəbul olunur, yerinə yeni şəxs seçilir.
"Əslində o, başqanlıq müzakirələri açmaqla partiya rəhbərliyində qalmaq müddətini uzatmaq istəyir. Gah deyirlər Arif Hacılı həbsxanadan çıxsın, qurultayı sonra keçirək, gah deyirlər Arif Hacılı həbsxanada qala-qala da başqan seçilə bilər", - YAP icra katibinin müavini deyib.
Müsavat Partiyası Məclisinin yanvarın 7-də keçirilən iclasında VIII qurultayın bu il martın 3-4-də keçirilməsi qərara alınıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.