8 saylı İstintaq Təcridxanasında saxlanılan məhkum Adıgözəlov Aqşin Xankişi oğlu əlaqədar orqanlardan yardım istəyir
06-02-2012 / 13:42
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 8-saylı İstintaq Təcridxanasında saxlanılan məhkum Adıgözəlov Aqşin Xankişi oğlu başına gələn hadisələri mətbuat vasitəsiylə əlaqədar orqanlara çatdırmaq istəyir. Onun yaxınları vasitəsiylə redaksiyamıza ünvanladığı müraciətiətdə deyilir:
“Hörmətli Kütləvi İnformasiya Vasitəsi nümayəndələri.
Əvvəla hamınızı salamlayıram, hər vaxtınız xeyir olsun. Mən qanunsuz olaraq ağır ittihamla, əsassız məhkəmə hökmü ilə azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişəm. Buna görə də, mətbuat vasitəsi ilə aidiyyəti orqanlara müraciət edib, onlardan qanunu qaydada kömək etmələrini xahiş etmək istəyirəm. Həbsxanadan mətbuata müraciət qadağa olduğu üçün bu müraciəti yaxınlarım vasitəsi ilə sizə göndərirəm. Sizdən çox-çox xahiş edirəm müraciətimi mətbuata dərc edəsiniz.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 dekabr 2011-ci il tarixli hökmü ilə, AR.CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qanunsuz olaraq məhkum edilmişəm. Bu cəza qətiyyən düzgün, qanunu deyil. Belə ki, mən 10.06.11-ci il zərərçəkən Gündüz Aydınovdan 13 manat borc pul aldım. 11.06.11-ci il tarixində gecə saat 01:00 radələrində Gündüz pulunu geri almaq üçün evimizə gəlmiş, həmin günü pulu verə bilməyəcəyimi dedikdə o, məni ucadan nalayiq şəkildə söyüb-təhqir etdi, məni yumruqla vurdu və yaxamdan yapışıb məni sürüyüb çölə maşınının yanına aparmaq istəmişdir. Mən qorxumdan həmin vaxt stolun üstündəki bıçağı götürdüm. Məndən əl çəkib çıxıb getsin deyə onu qorxutmaq istədim. Əksinə o daha da qızışaraq bıçağın üzərinə gəlmiş və nəticədə bıçaq ona batmışdır.
2011-ci ilin yanvarında naməlum şəxslər tərəfindən vəhşicəsinə döyüldüyüm üçün ağır xəsarət aldım, nəticədə dalağım rasplantasiya edildi. Elə bu səbəbdən bərk həyəcan, qorxu məni həmişə narahat edib. Zərərçəkən Gündüzün həmin günkü vəhşi hərəkətləri məndə yanvar ayındakı həyəcanımı yaşatdı, bərk qorxub, sarsıntı keçirdim. Bu faktları zərərçəkən Gündüz ifadələrində təsdiqlədi. İbtidai və məhkəmə istintaqında bunlar sübut olunsa da əhəmiyyət verilmədi. Əslində isə ortada olan sübutlara görə mənim əməlimə AR.CM-in 129.1 və 130.1-ci maddələrini tövsif edib, həmin maddələrin sanksiyası həddində mənə cəza təyin edilməli idi. Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət vermişəm.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyev mənim və şahidlərin ifadələrini qəsdən təhrif edib, qərəzli, qanunsuz ittihama uyğunlaşdırıb, sərt cəza təyin etməklə qanunsuz hökm çıxartmışdır.
Həmçinin qeyd edim ki, məhkəmə iclasında zərərçəkmiş şəxs Gündüz iştirak təmin edilməmişdir ki, bu tam qanunsuzluqdur. Çünki 11.06.2011-ci il tarixində saat 1:00 radələrində baş vermişdir hadisə 2-mizin arasında olmuş 3-cü şəxs olmamışdır.
Zərərçəkənin təkrar məhkəmə tibbi ekspertizasından keçirilməsi üçün məhkəmədə qaldırdığım vəsatət təmin edilmədi. Əslində isə zərərçəkənin xəsarəti ağır yox, az ağır dərəcəli idi.
Atam ağır şəkər xəstəsi olmaqla, bu yaxınlarda ürəyindən cərrahiyyə əməliyyatı keçirilmişdir. Mənim qanunsuz sərt cəza ilə məhkum edilməyimdən atam bərk sarsıntı keçirmişdir. Mən mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova, baş prokuror Zakir Qaralova, Fuad Ələsgərova və Sumqayıt Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib onlardan xahiş edirəm apellyasiya şikayətimə qanunu qaydada obyekt baxılıb, ədalətli qərar çıxarılmasına kömək etsinlər. Ümidim sizədir. Xahiş edirəm Sumqayıt Apellyasiya Məhkəməsinə maraqlanasınız ki, işimə düzgün baxılsın.
Hörmətli mətbuat sizdən çox xahiş edirəm müraciətimi dərc edin. Əvvəlcədən sizə minnətdarlığımı bildirirəm. Allah köməyiniz olsun.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.