Üzeyir Cəfərov: "ABŞ-ın regionla bağlı yeganə narahatçılığı Qəbələ RLS-lə bağlı idi. Artıq bu problemi də Rusiya ilə həll etmək qərarına gəlib"
04-02-2012 / 16:18
Rusiyalı politoloq, Kaspi Əməkdaşlıq İnstitutunun baş direktoru Sergey Mixiyev bildirib ki, “ABŞ Xəzərdə öz hərbi donanmasını yerləşdirmək üçün Azərbaycan və Türkmənistanı razı salmağa çalışır”. O, İranla müharibənin başlamasını regiondakı iqtisadi layihələr üçün böyük hədə adlandırıb.
Rusiyanın icazəsi olmadan 3-cü bir dövlətin Xəzər dənizində hərbi donanma yerləşdirməsi mümkündürmü? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən hərbçi-ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov, ABŞ-ın belə bir addım atmasını düşünmədiyini bildirdi: “Xəzər dənizi elə də böyük bir hərbi poliqon deyil ki, orada ABŞ hansısa hərbi donanmasını yerləşdirmək istəsin. ABŞ-ın sadəcə olaraq Xəzərdə müəyyən maraqları mövcuddur. Bu enerji resursları və eyni halda Azərbaycanla olan maraqları ilə əlaqədardır. ABŞ öz maraqlarına uyğun olaraq Xəzərlə bağlı Azərbaycana daima dəstək nümayiş etdirib. Ona görə də ruslar aranı qızışdırmaq üçün bu cür məsələləri ortalığa atırlar. ABŞ onsuz da regionda öz mövqelərini möhkəmləndirmək istiqamətində işlər görür.”
Üzeyir Cəfərov ABŞ-ın hər gün Gürcüstanla əlaqələrini artırdığını qeyd edərək, “bir neçə gün bundan öncə Barak Obama, Gürcüstanın prezidenti Mixail Saakaşvili iıə görüşərkən bildirdi ki, biz daima Gürcüstanı müdafiə edəcəyik. Bu da o mənaya gəlir ki, ABŞ regionla bağlı bütün istəklərinə nail olub”, - deyə bildirdi.
“ABŞ-ın regionla bağlı yeganə narahatçılığı Qəbələ RLS-lə bağlı idi. Artıq bu problemi Rusiya ilə həll etmək qərarına gəlib. Düşünmürəm ki, ABŞ hansısa dəniz donanmasını Xəzərdə yerləşdirmək qərarına gəlsin. Ola bilsin hansısa istiqamətdə danışıqlar apararaq, qarşılıqlı hərbi texnologiya və avadanlıqların verilməsi ilə bağlı müqavilələr bağlansın” deyə qeyd edən ekspert bildirdi ki, ABŞ-ın regionda hansısa baza yaratmaqda maraqlı görünmür. Eyni halda Azərbaycan tərəfinin də hər hansı bir bazanın yaradılmasına icazə verəcəyi inandırıcı deyil: “Çünki Azərbaycan cənubdan İran, şimaldan isə Rusiya ilə olan bəzi məsələləri nəzərə alıb ABŞ-ın bu istəyinə müsbət cavab verə bilməz.”
Rusiyanın Azərbaycana qarşı münasibətinin həmişə qeyri-səmimi olduğunu qeyd edən Üzeyir bəy, onların əsl məqsədinin Azərbaycanı gözdən salmaq, ya da ki, ölkədə gərginlik yaratmaq olduğunu bildirdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.