FaktXeber.com xəbər verir ki, Azərbaycanın cəzaçəkmə müəssisələrində bəzi nüfuzlu məhkumlar var. Trend-in məlumatına görə, bunu jurnalistlərə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib.
Nazir müavini qeyd edib ki, Penitensiar Xidmətin əməliyyat aparatı bu məsələ ilə daim məşğul olur və bunu nəzarətdə saxlayır.
Quliyev bildirib ki, bu gün Azərbaycanda "qanunda oğru" terminindən istifadə etmək yersizdir.
"Çünki bizdə elə bir təhlükə yoxdur. Azərbaycanın cəzaçəkmə müəssisələri dövlət qanunları ilə idarə olunur. Bəzi nüfuzlu məhkumlar olsa da, bu məsələ daim nəzarətdə saxlanılır", Quliyev deyib.
Mədət Quliyev həmçinin qeyd edib ki, 2, 4, 5, 6, 7, 9, 10 saylı cəzaçəkmə müəssisələrinin, Tərbiyə Müəssisəsinin, həbsxananın, 2 və 3 saylı istintaq təcridxanalarının, 2, 7, 8, 9, 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin və Avtomobil təsərrüfatının rəisləri tutduqları vəzifədən azad olunub, onların bir hissəsi ədliyyə orqanlarından xaric edilib.
Xidmət rəsisi həmçinin bildirib ki, 2011-ci ildə penitensiar müəssisələrin əməliyyat aparatlarının hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində 183 müxtəlif, o cümlədən bir neçə il əvvəl törədilmiş və uzun müddət bağlı qalmış bir sıra cinayətlərin üstü açılıb.
2011-ci il ərzində penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 21 592 manat pul, 179,2 litr spirtli içki, 197 mobil telefon, 333,329 qram çəkidə müxtəlif narkotik vasitələr aşkar edilərək götürülüb və həmin faktlarla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.
Quliyev Penitensiar Xidmətin 2011-ci il ərzindəki fəaliyyətinə yekun vuraraq qeyd edib ki, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi ilə bağlı müəyyən nəticələr əldə edilib, habelə mövcud nöqsanların aradan qaldırılması üzrə tədbirlər davam etdirilib.
Nicat Xaliqoğlu