|
Sizə eşqdən söz açmaq istəyirəm. Haqq sevdası ilə qarşısına çıxan sədləri heçə sayaraq eşqin arayışına çıxanlardan. Haqq aşiqlərinin, azadlıq aşiqlərinin, ilahi aşiqlərin çəkdiyi zillətlərə göz yaşı tökənlərə onları təmənnasız ardınca aparan bir duyğudan danışmaq istəyirəm.
Kimilərini Yusif kimi zindanlara, kimilərini Nəsimi kimi sərpa soyulmağa, kimilərini Azadlıq sevdası ilə dar ağacına aparanların varlığına hakim olan o bənzərsiz hissi şərh etmək istəyirəm.
İlahi bir hədiyyə olan bu mənəvi cövhər insana nələri elətdirməyib! Neçə sultanın könlünə hökm edib, neçə biləyibükülməz igidin kürəyini yerə vurub, iki gözün əsirinə çevirib. İradəmizin və ağlımızın yetişə bilmədiyi məfhumdur eşq. Bizə Füzulini, Leylanın gözlərində Rəhmanın təcəllisini görən Məcnunu qazandırıb.
Nədir eşq? Tərif verə bilərikmi varlığımızın ən dərin qatlarına kök salıb bizi səfil, ya da kral eləyən bu hissə? Gözlərinin daldığı yerdə sevdiyini görə bilməkmi, yoxsa sevdiyinin gözlərində Sevgilini görə bilməkmi? Bir şəhidin qanımıdır, yoxsa həsrətlə döyünən iki qəlbin vüsalımıdır? Nədir? Qaranlıq gecələri bürüyən ana laylasımı, yoxsa ölən qumrunun son nəğməsimi?
Bəlkə də iki rükət nafilə namazdır. Yox, mən kiçiltdim eşqi. Eşq daha böyükdür. Böyükdür, güclüdür, tabeedicidir. Eşq o qədər güclüdür ki, ölümün dəhşəti, zülmətin qulaq batıran sükutu onun qarşısında acizdir.
Bəlkə də Günəşin ətrafında planetlərin dönməsidir, ya da bir atom nüvəsinin ətrafında dövr eləyən elektronla nüvənin cazibəsidir eşq. Yox, bu eşqdir, təbii ki, amma eşqin tərifi olmaq gücdə deyil. Eşq qanaddır. İtirilmiş Cənnətimizə yetişmək üçün verilən bir qanaddır. Bəlkə də peyğəmbəri meraca aparan atdır – Burakdır. Sevdiyinin üzünə hər baxanda, onun üçün hər göz yaşı axıtdığında bizi meraca yüksəldən Burakdır. Məhəmmədın üzündə Ayın işığından çox nur görən Ayişənin təbəssümüdür. Bəlkə də bir Məhəmməd üzlünü sevməkdir.
Bu qədər çalışıram eşqə tərif axtarmaq üçün. Bəlkə o, ölüm kimi danışılmamalı, söhbəti aparılmamalı bir mövzudur. Ancaq yaşanılar. Hiss olunar. Amma mən tərif axtarıram. Olmalıdır da mütləq.
Bülbülün nəğməsimidir, məşuqun cilvəsimidir, yoxsa aşiqin çiləsimi? Özündən uzaqlaşmaq, başqa bir bədəndə özünü axtarmaqdır bəlkə?
Mən məntiqlə eşqə tərif axtarıram. Labirintdə azan insan kimi məntiqimin yolunu itirdiyini hiss edirəm. Üzümdə təbəssüm var. Mənə qələbə çalmış bir məfhumu araşdırıram? Qulun öz sahibini incələmək hüququ varmı? Amma düşünürəm ki, bir tərəfdən eşq azadlıq deməkdir. Mən zindan içində aşiq gördüm ki, azadlıqda gəzənlərdən daha azaddır.
Mən eşqi zindan divarları arasında olan Azadlıq aşiqinın eşq qəzəllərində gördüm. O qəzəllərin Nəsimini xatırladan ruhunda gördüm. Qürub edən Günəşə baxıb, o aşiqin səsində Nəsimi qəzəlini və Nəsiminin səsində azadlıq aşiqinin qəzəlini dinləyirdi. Bəlkə də eşq elə əbədiyyət üfüqlərində doğan Günəşdir. Eşq Nəsimidir, Fəzlullahdır, “ənəlhəqq” deyənlərin sevgisini qəlbində daşıyan nemətlərdir.
Mən Nemət adlı aşiq gördüm ki, səcdə halında əlləri dərgaha açılı şəkildə belə dua edirdi:
Rumiyəm, İlahi Şəmsə möhtacam.
Nəsimiyəm, Fəzlullaha möhtacam.
Aşiqəm, İlahi Yara möhtacam.
Nemət deyir, bir Allaha möhtacam.
Ulu Tanrım, imdad eylə, amandı.
Mən o eşqi başqa yerdə də gördüm. Yenə dizləri üstə Rəbbinə yalvarırdı:
Ya Rəbb, bəlayi eşq ilə qıl aşina məni.
Bir dəm bəlayi-eşqdən etmə cüda məni.
Mən eşqi Nəsiminin, Xətainin “ənəlhəqq” sözündə gördüm.
Eşqi axtarmaq nə qədər çətinsə, bir o qədər asanmış. Yenə təbəssüm qondu həyəcanlı üzümə. Mövlananı xatırladım. Nə gözəl deyib: “Eşqin şəhərində ağıl palçığa batmış ulaq kimi yatıb qaldı”. Eşqi, aşiqliyi yenə eşq şərh etdi.
Bəlkə də eşq mənəm. Nəsimi diliylə desəm:
Mən atəşi-eşqi-nuri-həqqəm.
Musayə zəban, zəban mənəm, mən.
Bəli, eşq mənəm. Rəbbimin eşqinin simgəsi olan mən. Aşiqin şərhinə bax. Bax gör ki, O zərrəni insan eyləyib qüdrət qələmiylə nə gözəl çəkib.
Çox çətinlik çəkdim. Qısa müddət də olsa, beynim sanki eşqin selinə qapılıb yox olacaqdı. Amma hədər getmədi. Eşqə tərif tapdım. Eşq Allahdır. Bayaqdan sadaladığım bütün eşqlərin birləşmə nöqtəsi olan Allahdır. Eşq Bəqabillah məqamına yüksəlmək istəyən aşiqin bu yolda çəkdiyi cəfadır.
O zaman nə mutlu bu cəfanı çəkənlərə. Nə mutlu Yusif kimi zindanın dörd divarı arasında azadlığın son zirvəsi olan Allaha qovuşanlara.... Nə mutlu!
Xatirə Pənahlı
|
|
|
|
muslim
|
03-02-2012, 16:32
|
#FFFFFF">
|
Yazılanlar müsəlmana aid şeylərdir.İman edib sonra islamın şərtlərinə riayət etmədikcə mücahid,şəhid olmaq olmaz.Bu terminlər kafirlərə aid deyil,möminlərə aiddir.Batil Demokratiya ideyası üçün tutulanı Yusif(ə.s)ilə tərəziyə qoymaq olmaz.Peyğəmbərlər Allahın dini üçün tutulub,təqib olunub,öldürülüb,Demokratiya,millətçilik,komunizm və s.batil ideyalar üçün deyil!ayə; Allah yanında haqq din(ideologiya) İslamdır! Bundan başqa ideologiya qəbul edilməyəcəkdir.Allahdan Sizə,atanıza və bütün haqqı axtaranlara hidayət verməsini arzulayıram!
|
#FFFFFF">
|
|
|
|
|
|
|
|
|