"Bakıelektrikşəbəkə" ASC: "Bəzi ərazilərdə xətləri qorumaq üçün özümüz elektrik enerjisi təminatında fasilələr edirik"
02-02-2012 / 15:53
FaktXeber.com xəbər verir ki, Azərbaycan ərazisində havaların kəskin soyuması, güclü külək və qar yağması Bakı şhərində enerjiyə tələbatı 20% artırıb. Bu barədə «Bakıelektrikşəbəkəsi» ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
Onun sözlərinə görə, güclü qar yağması və küləyin təsiri nəticəsində bəzi yerlərdə elektrik dirəkləri və ya xətlərin üzərinə ağac aşması nəticəsində qırılmalar baş verib ki, nəticədə bəzi ərazilərin elektrik təminatında problemlər yaranıb: «Bu, əsasən küləyin güclü olduğu ərazilərdə baş verib. Mərkəzdə belə hallar qeydə alınmayıb».
Bəzi ərazilərdə isə işığın kəsilməsi tələbatın artması və xətlərin həddən artıq yüklənməsi ilə bağlıdır: «Bəzi yerlərdə mənzillərin qızdırılması üçün elektrik enerjisindən istifadə olunur. Həmin ərazilərdə yüklənmələr olur, biz də bu xətləri qorumaq üçün müəyyən müddət fasilə edirik. Yəni, bütün şəbəkələr nəzarət altındadır».
T.Mustafayev bildirib ki, bir qədər əvvəl işığın kəsildiyi Binə qəsəbəsi və Binəqədi sahəsinin bir hissəsinin, o cümlədən Sulutəpə qəsəbəsinin, Biləcəri və Baş Dövlət Yol Polisi İdarəsinin ətrafındakı ərazilərə elektrik enerjisinin verilməsi bərpa olunub, eləcə də Nizami rayonu ərazisində yaranan problemlər aradan qaldırılır: «Çalışırıq ki, axşamadək telefon zənglərinin daxil olduğu bütün ərazilərdə problemlər aradan qaldırılsın».
Şəbəkə nümayəndəsi hazırda işıq olmayan ərazilərdə enerji təminatının yaxın saatlarda bərpa olunacağını bildirib. Hazırda qəza briqadaları qırılmaların baş verdiyi ərazilərdə işləyir, bu qruplar məlumat daxil olan kimi dərhal həmin ərazilərə göndərilir: «Amma davam edən çovğun, qar yağması və külək, bəzən qrupların hadisə yerinə çatmasını da ləngidir». \apa
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.