Tural Hacıbəyli və Amid Süleymanova 3 sutka həbs cəzası verilib
01-02-2012 / 19:19
FaktXeber.com xəbər verir ki, dünən axşam Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə Gənclər Təşkilatlarının təşkil etdiyi bayram tədbirindən qayıdarkən saat 22-23 radələrində Müsavat Partiyası fəalları – Tural Hacıbəyli və Amid Süleymanov İran səfirliyinin qarşısında polis tərəfindən saxlanılıb.
Verilən məlumatlara görə, gənclər səfirliyin qarşısından keçərkən külək onların əllərində olan kağızları uçurub. Kağızlar səfirliyin qapısına tərəfə uçduğuna görə gənclər oraya yaxınlaşıb kağızları götürmək istəyiblər. Bu an böyük ehtimalla onları izləyən polislər gənclərin bu hərəkətinin qeyri-qanuni olduğunu bildirərək onları saxlayıb və Səbail rayon 9-cu polis bölməsinə aparıblar. Bu zaman polis və gənclər arasında heç bir mübahisə olmayıb, onları polis maşınına dəvət edərkən digər gənclər də onlarla bərabər maşına minmək istəyiblər. Polislər gənclərlə profilaktik söhbət etmək istədiklərini və sonra onları sərbəst buraxacaqlarını bildiriblər. Sonradan isə gənclər Səbail rayon 9-cu polis bölməsinə aparılıb, onların xırda xuliqanlıq etdiyi və polisə tabe olmadığı haqqında məlumat verilib. Bu barədə saxlanılanların ailələrinə polis tərəfindən heç bir məlumat verilməyib.
Bu gün saat 12-də gənclər Səbail rayon məhkəməsinə aparılıb və onlar haqqında İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) və 310-cu (polisə müqavimət) maddələri ilə ittiham olunmaları barədə məhkəməyə təqdimat verilib.
Məhkəmə növbəti dəfə siyasi sifariş yerinə yetirərək Tural Hacıbəyli və Amid Süleymanova 3 sutka həbs cəzası vermişdir.
İctimai Palata gənclərə qarşı belə qanunsuz hərəkətlərin həyata keçirilməsini qətiyyətlə pisləyir, bu hərəkətlərin hakimiyyətin gənclərin fərqli düşüncə sərgiləməsinin qarşısını almağa yönələn addım olduğunu bəyan edir və onların qeyri-şərtsiz azad olunmasını tələb edir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.