FaktXeber.com xəbər verir ki, Ziyalılar Forumu növbəti dəfə bir araya gəlib. Rüstəm İbrahimbəyovun İçəri Şəhərdəki evində keçirilən tədbirdə əsasən gəncliyin problemləri haqqında ciddi müzakirələr aparılaraq, hesabatlar təqdim edilib.
Təbdiri giriş sözü ilə açıq elan edən Cəmil Həsənli, ölkənin ictimai-siyasi həyatında gənclərin rolunun danılmaz olduğunu bildirib: Hazırda ölkədə təhsil, işsizlik və mənzillə bağlı problemlər mövcuddur. Bunların həll olunması istiqamətində ciddi işlər görülməlidir».
Sonra söz İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğluna verildi. O da gənclərlə bağlı hazırlanmış hesabatının təqdim edərək, problemlərdən söz açdı.
Hesabatın geniş forması oxucularımıza təqdim ediləcək.
Bundan sonra çıxış edən Müsbət Dəyişiklik Gənclər Təşkilatının üzvü Nərmin Rəhimli ölkənin siyasi-ictimai həyatında fəal olan gənclər arasında apardığı sorğunun nəticələrini açıqladı.
Sorğu zamanı gənclərin hakimiyyətə, hökümət strukturlarına və eyni halda ölkə başçısına qarşı inamsızlıqla bağı ciddi narazılıqılar əldə olunduğu müşahidə olunub.
Erkin Qədirli çıxışında gənclərin, xüsusən də gənc qızların etiqad azadlığı ilə bağlı üzləşdiyi problemə toxunub. Bildirib ki, gənc qızlara hicabda şəkillə şəxsiyyət vəsiqəsinin verilməməsi yanlışdır. O, belə bir qadağanın nəinki inkişaf etmiş Qərb ölkələrində, heç Rusiyada da olmadığını deyib. E.Qədirliyə görə, bu qadağa etiqadı səbəbindən şəxsiyyət vəsiqəsi ala bilməyən gənclərin cəmiyyətdə faktiki yoxa sayılmasına gətirib çıxarır ki, bunun da nəticəsində erkən nigah və başqa bu kimi ictimai problemlərə yaranır. Bütün bu problemlərin kökü isə sistemdədir. Burda vətəndaşları günahlandırmaq olmaz.
E.Qədirli deyib ki, hökumətin gənclər siyasəti onları özünə bağlamaq, onları loyallaşdırmaqdan ibarətdir. Bu isə gənclər siyasəti sayıla bilməz.
Ziyalılar Forumunun toplantısında çıxış edən yazıçı Əkrəm Əylisli prezident İlham Əliyevə xitabən deyib: “Forum adından və şəxsən öz adımdan xahiş edirəm ki, gənc fəal Bəxtiyar Hacıyev həbsdən azadlığa buraxılsın”.
Əkrəm Əylisli bir dəfə də bu məsələni qaldırdığını xatırladıb: “O zaman mənə iradlar oldu ki, niyə başqa məhbusların adını çəkmirəm. Çünki siyasi işlərə görə tutulmuş bütün şəxslərin hamısının eyni vaxtda azadlığa buraxılması real deyil. Həm də mən nəzərə alıram ki, Bəxtiyar Hacıyev xarici ölkədə təhsil alıb. Xaricdə təhsil almış adamın öz ölkəsinə qayıdandan sonra həbs olunması yaxşı hal deyil. Mən Bəxtiyarın yazılarını izləyirəm. Görürəm ki, çox ağıllı gəncdir, savadlıdır. Belə gəncin həbsdə saxlanması yolverilməzdir. Bir daha öz adımdan və forum adından Azərbaycan prezidentinə müraciət edirəm ki, Bəxtiyar Hacıyevin azadlığa buraxılmasına yardımçı olsun”.
Sonrakı çıxışçı professor Rafiq Əliyev olub. Millətin ən böyük sərvəti gənclikdir, çünki o sabahdır. Professor bildirib ki, hər bi xalq üçün kod anlayışı var. Bu, dəyərlər sistemi deməkdir. Onu dəyişməklə yeni bir xalq yaratmaq mümkündür. Gənclik gərək qarşısında belə bir hədəf qoysun ki, millətin kodunun dəyişməsi baş verməsin.
Yazıçı Mehriban Vəzir deyib ki, forumda səslənən fikirlər həyəcan təbilidir: “Kaş bu ölkəni idarə edənlər bizim göz yaşlarımızı görəydilər. Gəncliklə bağlı durum həqiqətən acınacaqlıdır. Amma qadınların vəziyyəti də ağırdır. Qadınların dövlət idarəçiliyində, mülkiyyətdə heç bir payı yoxdur. Ona görə də növbəti forumu qadınların probleminə həsr etmək yaxşı olar”.
Müzakirənin gedişində Rüstəm İbrahimbəyov başqa bir vacib tədbirlə əlaqədar toplantını tərk edib. Bundan əvvəl isə o təklif edib ki, gənclərlə yanaşı uşaqların da problemlərinə toxunulsun. Onun fikrincə, uşaqlarla bağlı problem daha ciddir. "Bizdə yeni doğulan uşaq üçün 175 manat, Rusiyada isə 400 manat verilir. Ərəb ölkələrində isə məbləğ bundan qat-qat artıqdır. Belə münasibətlə böyüyən uşaq gənc yaşına çatanda artıq qocalır", - deyə o bildirib.


























Xəyal Şükür