Telman Əbilov: "Həqiqətən korrupsiyaya qarşı mübarizə aparılsa, ən azında 4-5 nazir hökmən həbs olunmalıdır"
01-02-2012 / 16:55
“Korrupsiyaya qarşı Mübarizə İdarəsi korrupsiyalaşmış məmurların bu istiqamətdə olan fəaliyyətini ört-bastır etməklə məşğuldur”
Müsahibimiz Hərbçilərin Hüquqlarının Müdafiəsi Mərkəzinin direktoru, hərbi hüquqşünas Telman Əbilovdur.
Telman müəllim, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyəti sizi qane edirmi?
- Korrupsiyaya qarşı Mübarizə İdarəsi korrupsiyalaşmış məmurların bu istiqamətdə olan fəaliyyətini ört-bastır etməklə məşğuldur. Çox az əhəmiyyət kəbs edən işləri məhkəməyə göndərməklə görüntü yaratmaq istəyirlər ki, ölkədə korrupsiyaya qarşı mübarizə aparılır. Hökümətin korrupsiyaya qarşı mübarizə aparan məmurlarının bu istiqamətdə iradəsi yoxdur. Korrusiyaya qarşı Mübarizə İdarələri beynəlxalq təpkilər əsasında yaradılıb. Bu idarələrin QHT-lərlə əməkdaşlıq etmək istəyi, iqtidarın fakt qarşısında qalanda “biz müxalifət partiyaları ilə əlaqə qurmaq istəyirik, amma, onlar istəmirlər” deməyinə bənzəyir. Onlar əslində heç bir QHT ilə əlaqə yaratmaq istəmirlər. Bunun marağında da deyillər. Azərbaycan reallığında həqiqətən korrupsiyaya qarşı mübarizə aparılsa, ən azında 4-5 nazir hökmən həbs olunmalıdır. Amma hələ ki, ən yüksək halda bir neçə hərbi komissar, onların işçiləri həbs olunub. Son vaxtlar onların işlərini məhkəməyə ötürürlər. Onların da işlərini rayon məhkəmələrinə ötürürlər ki, oradan müəyyən yollarla ösr-bastır etsinlər. Çünki korrupsiyanın başında dövlətin yüksək vəzifəli məmurları, prokurorluq və məhkəmə hakimiyyəti dayanır.
- Hərbçilərin Hüquqlarının Müdafiəsi Mərkəzi əməkdaşlıq etməkdə maraqlıdırmı?
- Hərbçilərin Hüquqlarının Müdafiəsi Mərkəzi olaraq biz həmişə şəffaflığın tərəfdarı olmuşuq. Bu istiqamətdə görülən işlərdə iştirak etmək istəmişik. Dəfələrlə müraciət etmişik ki, bizə hərbi hissələrə getməyə icazə versinlər. Dəfələrlə hərbi sahədə olan korrupsiya faktları ilə bağlı prokurorluğa məlumat vermişik. Lakin reaksiya verilməyib, verilən reaksiyalar da obyektiv olmayıb.
- Hərbi Prokurorluq işlərə obyektiv yanaşırmı?
- Hərbi Prokurorluq Müdafiə Nazirliyinin bir şöbəsi kimi fəaliyyət göstərir, aparılan bütün cinayət işləri ilə bağlı əvvəlcədən Müdafiə Nazirliyi ilə razılaşır. Hərbi Prokurorluq tam müstəqil orqan olmalıdır. Bu məsələ hərbi komissarlıqla bağlı aparılan işlərdə bir daha özünü göstərdi. Əliağa Hüseynov baş hərbi komissar vəzifəsindən çıxandan sonra Səfər Əbiyev onun bütün kadrlarını işdən çıxarıb yerinə öz adamlarını qoydu. Aradan bir az vaxt keçən ki, həmin bu “mübarizə”ni Respublika Hərbi Prokurorluğu davam etdirməyə başladı. Əgər həmin hərbi komissarlıqlarda neqativ hallar vardısa, bunu Müdafiə Nazirliyindən də əvvəl Hərbi Prokurorluq görməli idi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.