Bu gün "Qarabağ" Siyasi Blokunun növbəti toplantısı keçirilib
01-02-2012 / 16:47
FaktXeber.com xəbər verir ki, toplantıda ötən həftə ərzində dünyada və ölkədə baş verən bir sıra mühüm hadisələr ətrafında müzakirələr aparılıb.
Toplantı iştirakçıları ilk öncə bir daha Fransa Senatında “erməni soyqırımı”nın inkarına görə cəzanı nəzərdə tutan qanunun qəbulundan sonra yaranmış situasiyanı, ölkəmizin maraqlarına toxunan bu qanuna Azərbaycan ictimaiyyətindən verilən reaksiyaları müzakirə etmiş, tanınmış kinodramaturq, ictimai xadim R.İbrahimbəyovun Fransa Senatının fundamental insan hüquq və azadlıqlarına qarşı yönələn qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi ədalətsiz qərara etiraz olaraq adı çəkilən ölkənin ona verdiyi “İncəsənət”ordenindən imtina etməsi və Azərbaycan-Fransa mədəni əlaqələr icmasının prezidentliyindən istefa verməsini, həmçinin Azərbaycan Milli Kulinariyasının prezidenti T.Əmiraslanovun Fransa tərəfindən ona təqdim edilən ödüldən imtina etməsini əsl vətənpərvər mövqe, Türk qardaşlığına, Türkiyə-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən addım kimi dəyərləndirib və bu cür mövqenin Fransa ilə bağlılığı olan digər vətəndaşlarımız tərəfindən davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Toplantı zamanı Xocalı soyqırımının ildönümü ilə əlaqədar məsələlər müzakirə olunmuş, təkcə xalqımıza qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu dəhşətli cinayətlə bağlı Xocalı soyqırımı barədə qanunun qəbul olunması və beynəlxalq məhkəməyə müraciət olunması üçün Azərbaycan hakimiyyətinə müraciət qəbul olunub.
Azərbaycan və Ermənistan dövlət başçılarının Rusiya prezidenti D.Medvedevin vasitəçiliyi ilə Soçidə keçirdiyi görüşün nəticələrinə münasibət bildirən toplantı iştirakçıları bu məsələdə heç bir nailiyyətin əldə edilmədiyini, görüşün yalnız protokol xatirinə keçirildiyini qeyd etməklə yanaşı, Qarabağ probleminin sülh yolu ilə həllinin yalnız bir dövlətin monopoliyasına alınmasının yolverilməz olduğunu, bu tipli danışıqların 1994-cü ildə imzalanmış atəşkəs haqqında sazişin tələbləri ilə ziddiyyət təşkil etdiyini və mövcud olan status-kvonun saxlanmasına xidmət etdiyini qeyd ediblər. Toplantıda eyni zamanda bildirilib ki, Qarabağ problemi ətrafında yaranmış son situasiya bu problemin sülh yolu ilə həll olunması üçün artıq yeni bir yanaşmanın ortaya qoyulmasını diqtə edir.
Ötən həftə Rusiyanın baş naziri V.Putinin miqrasiya qanunu ilə tətbiq olunan cəzanı sərtləşdirmək – “miqrantların rus dilini bilməklə yanaşı, rus ədəbiyyatı və tarixini də minimum səviyyədə bilməli, bu bilgiləri isə bir növ, imtahan qaydasında sübuta yetirmək” təklifi də toplantıda müzakirə olunan məsələlər sırasında olub. Toplantı iştirakçıları hesab edib ki, V.Putinin bu təklifi miqrantlarla bağlı beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil etməklə yanaşı Rusiyada çiçəklənməkdə olan millətçiliyin təzahürüdür. Eyni zamanda qeyd edilib ki, Rusiyada miqrantlarla bağlı qanuna bu ölkənin konstitusiya və qanunlarının bilinməsi kriteriya kimi təklif olunsaydı hüquqi və siyasi baxımdan daha doğru olardı.
Müzakirə olunan məsələlər sırasında son vaxtlar ölkə boyu, o cümlədən paytaxt Bakıda soyuqların başlaması və yağıntıların artması nəticəsində ortaya çıxan sosial problemlər də diqqətdə olub. Toplantı iştirakçıları yolların buz qatı ilə örtülü qalması nəticəsində qəzaların sayının artmasından və əhalinin işıq və qaz ehtiyatlarından məhrum olmasından narahat olduğunu bildirib və bunu hakimiyyətin qış mövsümünə hazır olmaması və aidiyyati orqanların öz vəzifələrinə məsuliyyətlə yanaşmaması faktı ilə bağlı olduğunu diqqətə çatdırıb və ölkə rəhbərliyini vətəndaşların təbii hadisələrdən doğan təhlükəsizliyinin qorunması üçün tədbirlər görməyə çağırıb.
Blokun iclasında həmçinin ötən toplantıda qəbul olunmuş qərarların icra vəziyyəti və blokun cari fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.