FaktXeber.com-un verdiyi məlumata görə, keçmiş SSRİ rəhbəri İosif Stalinin nəvəsi Yevgeni Djuqaşvili babasını 1940-cı ildə Moskvaya yaxın Smolensk bölgəsindəki Katın meşəsində 20 mindən çox Polşa zabitini güllələtdirməklə günahlandıran Rusiya parlamentinin alt qanadı Dumaya qarşı iddia qaldırıb.
Belə ki, Duma 2010-cu ilin noyabrında səsvermə zamanı İkinci Dünya müharibəsi zamanı Sovet lideri İosif Stalinin əmri ilə Rusiyanın qərb bölgəsində olan Katında 20 min polşalı əsgərin qətlə yetirilməsi ilə əlaqədar məlumatı təsdiqləmişdi.
Moskva Tverski Məhkəməsinə iddia qaldıran Djuqaşvilinin vəkili Leonid Yura, hər hansı bir məhkəmə qərarı olmadan Stalini mövzuyla əlaqədar günahlandırmağın konstitusiyaya zidd olduğunu, keçmiş Sovet liderinin şəxsiyyətinə və qüruruna qarşı hörmətsizlik edildiyini söyləyir.
Vəkil Yura 1940-cı ildə baş verən qırğında faşist Almaniyası liderlərinin günahkar olduğunu iddia edərək, "1946-cı ildə Nürnberq beynəlxalq hərbi məhkəməsinin qərarlarına görə, Katında Polşa zabitlərinin güllələnməsində alman yüksək rütbəli səlahiyyətlilərindən olan German Göring və Alfred Jodl günahkar bilinib. Stalini günahlandıran Dumanın açıqlaması Nürnberq məhkəməsinin qərarına zidd və əsassızdır", - deyə bildirib.
Məhkəmə isə, Ali Məhkəmənin Stalinin nəvəsinin iddiasına baxmağı rədd etdiyini xatırladaraq, Duma qərarının müzakirə edilmədiyinə diqqət çəkib. Vəkil isə məhkəmədən mövzuyla əlaqədar dövlət arxivlərindən lazımlı sənədlərin araşdırılması üçün məhkəmənin təxirə salınmasını istəyib. Məhkəmə vəkilin istəyinə yaşıl işıq yandıraraq, iclası 14 fevrala qədər təxirə salıb.
Qeyd edək ki, Stalinin nəvəsi bir müddət əvvəl də babasının "qürur və şərəfini qorumaq" məqsədiylə Dumaya qarşı 100 milyon rubl (təxminən 3,2 milyon dollar) təzminat iddiası qaldırmışdı. Məhkəmə isə bunu rədd etmişdi.
Katın qırğını
1940-cı ilin aprelində Stalinin təlimatıyla 20 mindən çox Polşa zabiti Katın meşəsində güllələnmiş və SSRİ hadisələrlə əlaqədar bir neçə on il faşist Almaniyasını günahlandırmışdı. 1990-cı ildə Sovetlər Birliyi başçısı Mixail Qorbaçov hadisədə məsuliyyətlərinin olduğunu ilk dəfə qəbul etmişdi. Rusiya son 20 ildə Katın faciəsiylə əlaqədar bəzi sənədləri açıqlamasına baxmayaraq, Polşa əsl gizli faylın açıqlanmasını tələb edir. Rusiya isə hadisəni "Stalin rejiminin vəhşiliyi" kimi xarakterizə edir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.