Ələkbər Məmmədov: "QHT ilə əməkdaşlıq etməyə ehtiyac yoxdur. Sadəcə vətəndaşların ərizələrinə reaksiya verilsə, problem həll olunar"
01-02-2012 / 14:24
“Əgər yuxarı pul istəməsə, aşağının hünəri varmı pul yığmağa?”
Müsahibimiz Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru, hüquq müdafiəçisi Ələkbər Məmmədovdur.
- Ələkbər müəllim, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin necə qiymətləndirirsiniz?
- Azərbaycanda yaradılan demokratik institutlar görüntü xarakteri daşıyır. Məqsəd beynəlxalq aləmə Azərbaycanın demokratik dövlət olduğunu göstərməkdir. Reallıqda isə bu institutların heç biri işləmir. İşləyən özlərinin əllərinin altında yaratdıqları vətəndaş cəmiyyətləridir. Onlar da qrantlarını alıb yeyirlər, hamını da aldadırlar. Oxucularımıza sual vermək istəyirəm, onun xeyrini görən olubmu? Azərbaycanda beynəlxalq aləmdə siyahılarda ən korrupsiyalaşmış dövlətlər sırasındadır. Yenə də deyirəm ki, məqsəd beynəlxalq aləmin gözündən pərdə asmaqdır. Korrupsiyaya qarşı Mübarizə Komissiyası yaranıb, rəhbəri Ramiz Mehdiyevdir. Baş Prokurorluğun nəzdində Korrupsiyaya qarşı Mübarizə İdarəsi də yaranıb. Guya mübarizə aparırlar. Bu idarələr hansı məmura, hansı nazirə qarşı cinayət işi qaldırıblar? Mübarizə Mənzil Kommunal İdarəsində vətəndaşa pulla arayış verən idarə rəisi, onun işçiləri səviyyəsində gedir. Götürək, Kamran MMC-nin aldatdığı vətəndaşları, onlar aksiya keçirməyənə kimi, heç bir cinayət işi qaldırmırdılar. İndi cinayət işi qaldırıblar, o da səthi aparılır. Kamran MMC-nin əməkdaşları dələduzluqda ittiham olunurlar, həbs olunublar, istintaq da səthi aparılır. Bu mütəşəkkil cinayət qrupunu təşkil edən şəxs hələ də azadlıqdadır.
- Korrupsiyaya Qarşı Mübarizə İdarəsi QHT-lərlə əməkdaşlıq etmək istədiyini bildirib. Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzi bu əməkdaşlıqda maraqlıdırmı?
- Dəfələrlə həmin idarədə olmuşam. Onlar əməkdaşlıq etmək istədiklərini deyirlər. Amma buna inanmıram. Çünki nəticə görünmür. Bilmirəm hansı formada əməkdaşlıq etmək istəyirlər. Əslində heç bir QHT ilə əməkdaşlıq etməyə ehtiyac yoxdur. Sadəcə vətəndaşların ərizələrinə reaksiya verilsə, problem həll olunar. Xalq arasıda böyük narazılıq var.
- Niyə görə lazımi səviyyədə korrupsiyaya qarşı mübarizə aparılmır?
- Bütün dövlət işlərində məmurların öz qohumları əyləşib. Ona görə də onların öz qohumlarından hansısa birini cəzalandırmaq istəmirlər. Korrupsiya yuxarıda yaranır, yığılan pullar da yuxarıdakıların cibinə gedir. Əgər yuxarı pul istəməsə, aşağının hünəri varmı pul yığmağa? Əlbəttə, yox. Ona görə də mübarizə aparılmır, aparılan da görüntü xarakteri daşıyır.
- Hərbi Prokurorluğunun fəaliyyəti sizi qane edirmi?
- Hərbi Prokurorluq ancaq ictimailəşən məsələlərə reaksiya verir. Kütləvi formada vətəndaşların şikayətlərinə baxılmır. Son vaxtlar Avroviziya müsabiqəsi ilə bağlı beynəlxalq aləmin diqqəti Azərbaycandadır, ona görə ictimailəşmiş məsələlərə reaksiya verilir. Cinayət işi qaldırmaq o demək deyil ki, hər şey qaydasındadır. Cinayət işinin sonrası necə olacaq?
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.