Rauf Arifoğlu: "Bizim məmurların tənqidə və siyasi təftişə dözümlülük əmsalı olduqca aşağıdır. Bu baxımdan Səfa Mirzəyev və başqalarının fikirlərini yanlış hesab edirəm"
01-02-2012 / 14:10
Milli Məclis rəhbərliyi tərəfindən jurnalistlərin böhtan və təhqirə görə cinayət məsuliyyətindən azad olunması və “Diffamasiya Haqqında” Qanunun qəbul edilməsi haqqında yeni fikirlər səsləndirilib. Milli Məclis aparatının rəhbəri Səfa Mirzeyiv bildirib ki, Azərbaycanın indiki siyasi vəziyyətində “Diffamasiya Haqqında” Qanunun qəbulu yaxşı vəziyyətə gətirib çıxarmayacaq. O, bunu ölkə mətbuatının siyasi və media mədəniyyət səviyyəsinin aşağı olması ilə əlaqələndirib.
Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, məsələ ilə əlaqədar bu günə kimi hakimiyyət daxilində kifayət qədər müzakirələrin aparıldığını bildirdirdi: “Axırıncı gedişatdan belə görünürdü ki, hakimiyyət artıq bu məsələ ilə bağlı razılığa gəlib. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun timsalında da bildirilmişdi ki, “Diffamasiya Haqqında” Qanun qəbul olunacaq. Lakin sonradan qəflətən, həm hakim partiya deputatlarından, həm də bir sıra funksioner və məmurlar tərəfindən bu qanunun əleyhinə kampaniya elementləri və simptomları müşahidə olunmağa başladı. Mən bunu yanlış hesab edirəm.”
Ölkə mətbuatının siyasi və media mədəniyyət səviyyəsinin kifayət qədər yüksək səviyyədə olduğunu söyləyən baş redaktor, “medianın aşağı səviyyəli olması, məmurlar tərəfindən himayə edilən reket qəzet və jurnalistlərin timsalında müşahidə olunur”, - deyə bildirdi: “Sadəcə bizim məmurların tənqidə və siyasi təftişə dözümlülük əmsalı olduqca aşağıdır. Bu baxımdan, Səfa Mirzəyev və başqalarının fikirlərini yanlış hesab edirəm. Hesab edirəm ki, Azərbaycan diffamasiyanin dekriminallaşması addımını ataraq, bu istiqamətdə qanun qəbul etməlidir.”
Rauf bəy bu qanunun qəbul olunmasının gecikdiyini vurğulayaraq, “digər tərəfdən bilmək lazımdır ki, Azərbaycan hakimiyyəti məhkəmələrə müraciət edərkən 146 və 147-ci maddələrlə diffamasiyanın kriminallaşmış halları ilə ittiham irəli sürmür”, - deyə qeyd etdi: “Onsuz da cinayət maddəsində olan həmin maddələrin iş əmsalı olduqca aşağıdır. Ona görə də bu qanunu götürmək və dekriminallaşdırmaq lazımdır.”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.