RUSİYA XALQININ 2/3 HİSƏSİ PUTİNİN İLK TURDA QAZANACAĞINA İNANIR
Putinin etibarının artmasına səbəb kimi müxalifətin alternativini ortaya qoya bilməməsi göstərilir
01-02-2012 / 13:52
Rusiya İctimai Araşdırma Təşkilatı VTsIOM-un sorğusunun nəticələrinə görə, Rusiya xalqının 65 faizi Baş nazir Vladimir Putinin martın 4-də keçiriləcək prezident seçkilərində ilk turda qazanacağına inanır. Xalqın 19 faizinin fikrincə isə ilk turda heç bir namizəd qazana bilməyəcək.
FaktXeber.com-un verdiyi məlumata görə, VTsIOM-un son sorğusunda xalqın 52 faizi Putinə səs verəcəyini açıqlayıb. Yanvarın əvvəlində "Levada" araşdırma təşkilatının apardığı rəy sorğusuna görə isə xalqın 36 faizi Putinə dəstək verəcəyini söyləmişdi.
Rusiya Baş nazirinə olan etibarın yenidən artmasına səbəb kimi beynəlxalq arenada baş verən hadisələr və müxalif qrupların alternativ yarada bilməməsinin təsirli olduğu bildirilir.
Qeyd edək ki, iqtidar partiyası Birləşmiş Rusiyanın namizədi olan Putin son dövrdə etnik mövzular, iqtisadi liberallaşma və Rusiyanın ictimai inkişafı ilə əlaqədar yazdığı məqalələrlə yeni dövrdəki hədəflərini xalqa çatdırmağa çalışır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.