AŞPA-nın MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİLƏRİ BAŞ PROKURORLUQDA OLUBLAR
Baş prokuror Zakir Qaralov Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşüb
01-02-2012 / 11:22
Azərbaycan Respublikası Prokurorluğunun mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, Baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşüb.
Görüşdə Baş prokuror Avropa Şurası Parlament Assambleyası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edərək, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının qəbul edilməsi, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün normativ-hüquqi bazanın yaradılması, korrupsiya ilə mübarizə sahəsində görülən konkret işlər və bu sahədə qeyri hökumət təşkilatları ilə birgə layihələrin həyata keçirilməsi barədə ətraflı məlumat verib.
Avropa hüquq təcrübəsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin Azərbaycan Prokurorluğu qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran Baş prokuror, çıxışında respublikamızda İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, prokurorluq orqanlarının insan hüquqlarının qorunması istiqamətində apardığı işlər, o cümlədən "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar bu sahədə konkret işlərin həyata keçirildiyini xüsusi vurğulayıb.
AŞPA ilə Azərbaycan Respublikası arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən Pedro Aqramunt de Mora, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, xüsusilə insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edən qanunvericilik aktları üzrə Avropa Şurası ilə birgə görülən mühüm tədbirləri yüksək qiymətləndirib. Təmsil etdikləri qurumun ölkəmizdə gedən demokratik prosesləri dəstəklədiyini xüsusi qeyd edən qonaq, bu sahədə hüquqi yardım göstərməyə daim hazır olduğunu diqqətə çatdırıb.
Görüşdə səmərəli fikir mübadiləsi aparılıb və maraq doğuran suallar ətraflı cavablandırılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.