|
Yanvarın 25-dən başlayaraq ölkə ərazisində şaxtalı hava şəraiti müşahidə olunur. Nəticədə ölkədə bir sıra çətinliklər yaşanır. Rayon və şəhərlərdə küçələr buz bağlayıb, dağ kəndləri ilə əlaqə kəsilib. Respondentlərimizə "Havanın kəskin soyuması gündəlik həyatınızda hansı problemləri yaradıb?" sualı ilə müraciət etdik.
Kəmalə Qasımova, poçt işçisi:
- Mağazadan gələndə yer buz idi, ayağım sürüşdü, yerə dəydim. Yaxşı ki, əzilmədim. Qazın, elektrik enerjisinin də pulunu necə ödəyəcəmsə, bilmirəm. Qarın yağması bizə maddi ziyan vurdu.
Zamin Babazadə, müsahib:
- Nəqliyyat işləmir, işə çətinliklə gəlib çatdım. Digər işçilər də gələ bilmədilər. Şirkətə maddi ziyan dəydi.
Fərqanə Novruzova, fotoqraf:
- Hava şəraitinin mənim işimə heç bir maneçiliyi yoxdur, yəni bu mənim üçün problem deyil. Problem yalnız nəqliyyatın ləng işləməsidir ki, işə vaxtında çata bilmək üçün yol şəraitini nəzərə alıb vaxtından xeyli qabaq evdən çıxıram.
Şəbnəm Karslı, yazar:
- Su xətləri donub, qazın verilişində fasilələr yaranıb. Verildiyində də olduqca zəifdir. Yollarımız bərbad vəziyyətdədir, addımbaşı qəza halları və s. İki körpə uşağı olan bir xanım üçün isə bu hal sadəcə dəhşətlidir.
İdrak Abbasov, jurnalist:
- Şəhər mərkəzindən kənar bir qəsəbədə yaşayıram. Yollarımız onsuz da pis gundə idi, bu qar və şaxta vəziyyəti bir az da gərginləşdirib. Habelə, sularımız donub, susuz qalmışıq. Amma bu qarlı, şaxtalı havanın ağaclara, şuma xeyri var. Bütün zərərvericilər ölür. Bu səbəbdən də yaranmış müvəqqəti çətinliklərə dözümlə yanaşıram.
Vahid Əzizov, dizayner:
- Soyuqdan evdən çölə çıxmaq olmur. Yaxşı ki, iş yerim yaxındadır. Uşaqlığım kənddə keçsə də, soyuğa dözümüm yoxdur. Bir də şəhərdə nəqliyyatın vəziyyəti gərgindir. Bir nəfəri mindirmək üçün marşrutun bütün qapılarını açırlar, adam buz bağlayır.
Gülnarə Haşımova, tələbə:
- İmtahanlarımız soyuq günlərdə oldu. Universitetə gedib-gəlincə, zülm çəkdim. Hər yer buzdur, gəzmək olmur. Neçə dəfə yıxılmaqdan özümü güclə saxlamışam.
Malik Mansurov, kuryer:
- Bakıya heç bir problem lazım deyil, bircə yollar buz bağlasın bəs edər. Onsuz da təmizləyən olmayacaq.
Valid Hacıyev, tələbə:
- Pulum qurtarıb qalmışam Bakıda, rayona da gedə bilmirəm. Çünki yıxılmışam, gözümün altı qaralıb. Məktəbimiz soyuqdur, dərsdə otura bilmirik. İstilik sistemi yoxdur. Yollar da bərbad vəziyyətdədir.
Nicat Hacıyev, tələbə:
- Sinfimiz o qədər soyuqdur ki, əlimiz qələm tutmur. Amma şöbə müdirlərinin, müəllimlərin otaqlarında soba gurhagur yanır. Məktəbin naqilləri köhnədir, sinifdə sobanı qoşan kimi tüstüləyir.
Aydın Bədəlov, müəllim:
- Evimizdə su kranı donub partlayıb, iki körpə uşaq olan evdə zülm çəkirik.
Cəfər Talıb
|