"DÖVLƏT MƏMURLARININ MÖVQEYİ BİZİM ÜÇÜN SÜRPRİZ DEYİL"
İradə Cavadova: "Hər hansı bir dövlət məmurunun belə bir mövqedən çıxış etməsi bizim üçün sürpriz deyil. Biz bu cür çıxışlara çox alışqanıq"
31-01-2012 / 12:15
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev ölkədə vicdan məhbuslarının olması ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edib ki, Azərbaycanda vicdan məhbusu yoxdur və müxalifət tərəfindən vicdan məhbusu adı verilən şəxslər cinayət törətdiklərinə görə həbs ediliblər.
Dünyanın ən nüfuzlu insan haqları müdafiəsi təşkilatı olan “Amnesty İnternational” tərəfindən vicdan məhbusu hesab edilən şəxslərin, Azərbaycan hakimiyyəti tərəfindən cinayətkar hesab edilməsinin səbəbi nədir? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən hüquq müdafiəçisi İradə Cavadova, Azərbaycanda olan məmurların ölkədəki problemləri gizlin saxlamaq istədiklərini bildirdi: “Həbs edilən şəxslər başqa maddələrlə ittiham olunduğundan, onlar hakimiyyət tərəfindən rahat formada cinayətkar adlandırıla bilirlər. Əgər hər hansı bir jurnalist öz fikirlərinə görə həbs olunursa, o həmin maddə ilə yox, digər qondarma ittihamlarla həbsə atılır.”
“Amnesty İnternational” tərəfindən yayımlanan hesabatın dolğun və həqiqətə uyğun olduğunu vurğulayan İradə xanım, “bu hesabat tam əsaslı şəkildə təqdim edilmiş hesabatdır. Onlar hesabat hazırlamamışdan qabaq ölkədə olan bütün situasiyanı öyrənirlər və bundan sonra qərar verirlər”, - deyə bildirdi.
Hüquq müdafiəçisi daha sonra isə bildirdi ki, “hər hansı bir dövlət məmurunun belə mövqedən çıxış etməsi bizim üçün sürpriz deyil. Biz bu cür çıxışlara çox alışqanıq. Hesab edirəm ki, vicdan məhbusu məsələsinə çox ciddi yanaşılmalıdır. Əgər hakimiyyət özünü demokratik bir dövlət kimi göstərmək istəyirsə, mütləqdir ki, mövqeyində müəyyən yumşalmalar olmalıdır”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.