Azərbaycan Xalq Cümhuriyyətinin himni olaraq yazılmış "Milli marş"ın musiqisi və sözləri tapılıb
31-01-2012 / 11:06
Sözləri və musqisi dahi Üzeyir Hacıbəyova aid olan “Milli marş” bolşeviklərin Azərbaycanı işğalından sonra qadağan edilib.
Üzeyir Hacıbəyovun hələ 1917-ci ilin sonlarında sözlərini və musiqisini yazdığı, həmin il dekabrın 23-də orkestr tərəfindən ifa edilmiş "Milli marş"ın, yəni sonralar elmi ədəbiyyatda "Azərbaycan milli marşı" adı ilə tanınan həmin marşın tam mətni belə idi:
Vurulur meydanda sənc, dəf
Düzülün əsgərlər səfbəsəf!
Yürüyün şövqlə düşmənə tərəf
Biliniz cəngizdir bizə sələf!
Giriniz meydana sanki şir,
Əlinizdə şəmşir ilə tir,
Dilinizdə olsun bu zikr,
Ya Allah, Ya Allah, Ya Allah,
Hüvə-kəbir!
Çingizləri, Teymurları,
Gəl yada sal o ərləri,
Kim, ol zaman, türk hökmran,
Türkə müt′i nəsf-cahan,
İmdi görükür nə zillət,
Çökü bu millət...
Yığın, övladı Çingizin!
Sürünün bu qeyrə dizin-dizin...
Bu qədər bir torpaq həp sizin
Görürük hər yanda türk izin!
Giriniz meydana sanki şir,
Əlinizdə şəmşir ilə tir,
Dilinizdə olsun bu zikr,
Ya Allah, Ya Allah, Ya Allah,
Hüvə-Kəbir!
“Milli marş” 1920 il aprel çevrilişindən sonra bir daha səslənməmiş və not materialları itirilmişdi. Son dövrlərdə onun haqqında məlumat və birsəsli musiqisindən bir parça türk musiqişünası Etem Üngörün 1966-cı ildə ildə Ankarada nəşr etdirdiyi "Türk marşları" kitabında dərc olunmuşdu. Həmin kitabda göstərilir ki, "Azərbaycan milli marşının tənzim və seçimi üçün təyin olunmuş konkursda (müsabiqədə) Üzeyir Hacıbəyovun "Milli marş"ı birincilik qazanmış və 15.000 rubl məbləğində mükafat almışdır". 14 noyabr 1919 il tarixli, 246 saylı "Azərbaycan" qəzeti də bu haqda yazır və bildirir ki, "...Azərbaycan Dövlət Teatrosunu dolduran milli dövlət ərkanı və əxlaq hüzurunda bir dəfə çalınmışdır..." Müasir Azərbaycan oxucusuna bu marş haqda ilk məlumat bəstəkar S.Fərəcovunb "Ü.Hacıbəyovun iki marşı" məqaləsində verilmişdir ("Ədəbiyyat və incəsənət" qəzeti, 14 iyul 1989). Uzun axtarışdan sonra R.Xəlilov tərəfindən marşın ilkin klavir variantı və orkestr səsləri tapılıb. S.Fərəcov əsərin 4 səsli xor və böyük orkestr üçün yeni partiturasını hazırladıqdan sonra o, ifa olunub, lentə yazılıb.
ƏHSƏN YAZANA da, oxuyanlara da, dinləyib gözündən yaş damlası çıxaranlara da! ALLAH,bu xalqdan ötrü yaşayıb dünyasını dəyişənlərə RƏHMƏT eləsin!yaşayaraq bu xalqa xidmət edənlərə güc versin,QAZİ eləsin İNŞALLAH!
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.