İlham Şaban: "Əgər Bakı merinin qışa hazırlıqla bağlı hər hansı bir səriştəsi yoxdursa, Ukraynadan və digər ölkələrdən Bakıya 3 aylıq menecer ezam etsinlər"
30-01-2012 / 19:14
Bir gün ərzində davam edən qarlı hava şəraiti ölkə həyatını tamamilə iflic edib. Deyilənlərə əyani sübut kimi qar yağdıqdan sonra yolların bərbad vəziyyətə düşməsi, suların və elektirk enerjisinin kəsilməsi və digər problemləri buna misal göstərmək olar. Baş vermiş problemlərin səbəbi nədir? Problemləri məmur özbaşınalığı və ya problemlərin həlli üçün ayrılan maliyyənin azlığı ilə əlaqələndirmək olarmı?
Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən iqtisadçı ekspert İlham Şaban maraqlı fikirlər səsləndirib. Ekspert problemlərin həlli üçün kifayət qədər maliyyənin ayrıldığını bildirərək, bunu hər il parlamentin hesabatında və büdcədən ayrılan maliyyədən də aydın göründüyünü söylədi: “Sadəcə olaraq bu işlərin keyfiyyətli yerinə yetirilməməsi də bu problemlərin yaranmasına gətirib çıxardır. Eyni halda aidiyyəti strukturların bir neçə ildir ki, özlərini bu şəraitə hazırlamaması belə problemlərə yol açır. Çünki təqribən 15 ildir ki, dünyada ciddi iqlim dəyişikləri baş verir. Buna uyğun olaraq, Bakıda son illər ərzində kəskin hava şəraitinin olması gözləniləndir.”
Baş verən iqlim dəyişiklərinə uyğun şəkildə hökumətin və digər aidiyyəti orqanların fəaliyyət istiqamətlərinin dəyişməsinin lazım olduğunu bildirərək, “ölkədə hazırkı hava şəraitinə uyğun olan idarəetmə sistemi təşkil edilməyib. 20 il bundan əvvəl necə idisə, hazırda da həmin vəziyyətdir”, - deyə vurğuladı.
“Əgər Bakı merinin qışa hazırlıqla bağlı hər hansı bir səriştəsi yoxdursa, Ukraynadan və digər ölkələrdən Bakıya 3 ay müddətinə menecer ezam etsinlər”, - deyə bildirən ekspert, qar yağıntılarının bir neçə müddət davam edəcəyi halda, vəziyyətin daha da pis olacağını bildirdi: “Əgər dediyimiz şərait yaransa nə məktəb, nə iş yerləri, nə də ki, digər obyektlər fəaliyyət göstərəcək. Ölkənin bütün həyatı iflic olacaq”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.