"Bu mövqe Fransa Senatının qəbul etdiyi anti-türk və anti-azərbaycan qanununa qarşı ictimaiyyətin zamanında etiraz bildirmək istəyinin qarşını almağa yönəlib"
30-01-2012 / 14:09
Fransa Senatında “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsinin qəbulu ilə əlaqədar olaraq İctimai Palata Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikasının qanunu”na əsasən 30 yanvar 2012-ci il tarixdə saat 1500-dən 1700-dək Türkiyə səfirliyinin qarşısından Fransa səfirliyinin qarşısınadək (S.Vurğun küçəsi və Nizami küçəsindən keçməklə) beş min nəfərin iştirak edəcəyi dinc yürüş keçirmək istəyi barədə 25 yanvar 2012-ci il tarixində Bakı şəhər İcra Hakimiyyətinə müraciət təqdim edib.
FaktXeber.com-un verdiyi məlumata görə, bu gün saat 1300-dək yürüş təşkilatçılarının Bakı şəhər İcra Hakimiyyətinə edilən müraciətlərinə heç bir cavab verilməyib.
İctimai Palata hesab edir ki, Bakı şəhər İcra Hakimiyyətinin mövqeyi Fransa Senatının qəbul etdiyi anti-türk və anti-azərbaycan qanununa qarşı ictimaiyyətin zamanında etiraz bildirmək istəyinin qarşını almağa yönəlib və bu mövqe milli maraqlara ziddir.
İctimai Palata Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yol verilən bu qanunsuzluğu qətiyyətlə pisləyir, Türkiyə və Azərbaycanın dövlət maraqlarının müdafiəsi istiqamətində Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş metodlarla mübarizə aparmağın zəruri olduğunu və bunun həm də iqtidarın borcu olduğunu bəyan edir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.