Azərbaycanın artan neft gəlirləri büdcə vəsaitləri hesabına görülən işlərin daha geniş sahələri əhatə etməsinə səbəb olub. Təmir-tikinti işləri büdcə vəsaitlərinin silinməsi üçün daha asan sahə olduğu üçün hökumət bu kimi layihələrə ayrılan vəsaiti ildən-ilə artırır. Belə sahələrdən biri də yolların təmiri və yenidən qurulmasıdır. Artıq hökumət kənd yollarının yenidən qurulmasına da vəsait ayırır. 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulmasına 100 milyon manat ayrılıb. Nəqliyyat Nazirliyinə ayrıldığı bildirilən vəsaitin hansı yolların təmiri və yenidən qurulmasına yönəldildiyi ilə bağlı ictimaiyyətə heç bir məlumat verilməyib. Bu kimi layihələrin icrasında şəffaflıq təmin edilmədiyindən görülən işlərin keyfiyyəti də çox vaxt sual altında olur. Bu səbəbdən araşdırmaya başlayarkən öncə həmin vəsaitin hansı yolların çəkilişində istifadə olunmasını dəqiqləşdirmək istədik. Nəqliyyat Nazirliyi Katibliyinin müdiri Namiq Həsənov yolların təmiri ilə bağlı vəsaitin «Azəryolservis» ASC-yə ayrıldığını bildirdi. Bundan sonra rəsmi informasiya sorğusu ilə «Azəryolservis» ASC-yə müraciət etdik. Suallara 55 gün sonra verilən cavabda isə bu vəsaitin taleyinə aydınlıq gətirəcək heç bir məlumat olmadı. Yalnız kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulan 100 milyon manatın tam olaraq «Azəryolservis»ə verilmədiyi bildirilirdi. Ötən il Şəki-Şin, Şamaxı-Göylər, Bəhramtəpə-Biləsuvar, Gədəbəy-Qızıltorpaq-Qonaqlı yolunun çəkilişinin apardığı bildirilsə də, xərclənən vəsait və onun mənbəyi ilə bağlı heç bir məlumat verilmədi. Bununla bağlı «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevə dəfələrlə ünvanladığımız şifahi suallar da aidiyyəti departamentlərdən məlumat verilməməsi bahanəsi ilə cavabsız qaldı. Bundan sonra ölkə başçısının müvafiq sərəncamları ilə yenidən qurulan iki yolda işlərin nə səviyyədə aparılması və şəffaflığın nə dərəcədə təmin olunmasını araşdırdıq.



Yerli əhali çəkilən yola xərclənən vəsaitlə bağlı məlumatsızdır
İlk yollandığımız ünvan Bərdə rayonu oldu. Burada 14 yaşayış məntəqəsini birləşdirən Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolunun çəkilişi məqsədi ilə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulan vəsaitdən Bərdə Rayon İcra Hakimiyyətinə 4 milyon manat ayrılıb. Uzunluğu 22 km olan yolun başlanıldığı Alpoud kəndindən Nazırlı kəndinə qədər getsək də, yolun parametrləri, işi hansı şirkətin icra etməsi və digər şəffaflıq üçün vacib olan heç bir məlumata rast gəlmədik. Yalnız həmin yolun sonunda Nazırlı kəndində yolda təmir işlərinin aparılması və yolun uzunluğunu göstərən yol nişanı vurulmuşdu. Kənd sakinləri də yola nə qədər vəsait ayrılmasından xəbərsiz idi. Bərdə rayonu Mustafaağalı bələdiyyəsinin adının çəkilməsini istəməyən üzvü yolun çəkilişinə ayrılan vəsaitin necə xərclənməsi ilə bağlı heç bir məlumat ala bilmədiklərini bildirdi. Hətta ölkə başçısının müvafiq sərəncamında yolun təmiri üçün nə qədər vəsait ayrıldığı göstərilsə də, icra orqanları bu barədə də susmağa üstünlük verib. Mustafaağalı, Qaratəpə və Nazırlı kəndinin sakinləri ilə söhbətlərimizdən məlum oldu ki, əhali vəsaitlə bağlı məlumatsız olsa da, yolun çəkilməsində fəal iştirak ediblər. İməcilik keçirilərək kənd sakinləri hətta 40 dərəcə yolun çəkilişinə cəlb edilib.




Hər kilometri 182 min manata başa gələn kənd yolu
Yolun çəkilişini Bərdə 28 saylı Yol İstismar İdarəsi həyata keçirsə də, bu həmin qurumun tender vasitəsilə seçilməsi anlamına gəlməməlidir. İdarə rəisi İlham Əzimov suallarımızı cavabsız qoymaqla bunu bir daha təsdiqlədi. Hər kilometrinə təxminən 182 min manat xərclənən yolun parametrləri və xərclənən vəsaitlə bağlı əhalinin məlumatlandırılması üçün nəyə görə müvafiq lövhələrin vurulmaması və işlərə nə üçün yerli əhalinin cəlb edilməsi ilə bağlı suallarımız cavabsız qaldı. İdarə rəisi bütün suallara Bərdə Rayon İcra Hakimiyyətindən cavab verilə biləcəyini vurğuladı. İcra hakimiyyətindən isə yalnız ümumi məlumat ala bildik: «Eni 6-7 metr olan yola ikiqat asfalt örtük çəkilib. Asfaltın qalınlığı 12 santimetr olan yolda 19 ədəd metal boru dəyişdirilib. Yol boyu kəndlərin ayrıclarına 10 ədəd dayanacaq qoyulub və müvafiq yol nişanları quraşdırılıb. Əkin yerlərinin suvarılması üçün suötürücü keçid və kiçik körpülər də tikilib».
Amma biz yolun heç bir hissəsində asfaltın 12 sm olmasına və yol nişanlarına rast gəlmədik. Yolun giriş hissəsində qapı tikilsə də, cəmi bir dayanacaq quraşdırılmışdı.
Ağdam rayonunda yeni çəkilən Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli yolunda da eyni vəziyyəti müşahidə etdik. Yolun təmiri üçün Ağdam Rayon İcra Hakimiyyətinə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulan büdcə vəsaitindən 6 milyon manat ayrılıb. Uzunluğu 28 km, eni 6 metr olan və hər kilometri 214 min manata başa gələn bu yolun çəkilişində də yerli əhali fəal iştirak edib. İşi reallaşdıran Ağdam 46 saylı Yol İstismar İdarəsi isə maliyyə və şəffaflıqla bağlı bütün məsələlərdən xəbərsizdir.



Kənd yollarının çəkilişində bələdiyyələrin iştirakı təmin edilməyib
Ekspertlər isə hesab edir ki, kənd yollarının təmir və yenidən qurulması üçün vəsait bələdiyyələrə verilsə, şəffaflıq daha geniş təmin olunardı. Bələdiyyələrin hər bir işinə «göz qoyan» icra orqanları isə ərazidə ayrılan vəsaitlə bağlı məlumat lövhələrinin vurulmasına çalışacaqdı. Bu olmasa belə, bələdiyyə ərazisində yaşayan əhali ayrılan vəsaitin miqdarını bilə və işin keyfiyyətinə nəzarət edəcəkdi. Digər tərəfdən isə tender keçiriləcək və hər bələdiyyənin ərazisində yolu bir şirkət çəkəcəkdi. Nəticədə rəqabətlilik yarana, hər bir bələdiyyə öz ərazisində işin daha keyfiyyətlə görülməsində maraqlı olacaqdı.
Ölkə qanunvericiliyi də yerli əhəmiyyətli yolların çəkilişində bələdiyyələrin iştirakının təmin olunmasını tələb edir. «Avtomobil yolları haqqında» qanunun 7-ci maddəsində şəhər, qəsəbə və başqa yaşayış məntəqələri daxilində yerləşən yolların bələdiyyələrin mülkiyyətində olduğu birmənalı göstərilir. «Bələdiyyələrin statusu haqqında» qanunun 4-cü maddəsində isə göstərilir ki, yerli əhəmiyyətli yolların tikilməsi və saxlanılması bələdiyyələrin səlahiyyətindədir. Demək, kənd yollarının çəkilməsinin bu işi görməyə səlahiyyəti olan bələdiyyələrə deyil, başqa bir quruma həvalə edilməsi qanun pozuntusudur. Digər tərəfdən ölkə qanunvericiliyinə görə yollar pasportlaşdırılmalı və hər bir yolun kimin tabeliyində olması müəyyənləşdirilməlidir. Amma yaradılan süni maneələr səbəbindən bələdiyyələr indiyədək onlara məxsus olan yolların pasportlaşdırılmasına nail ola bilməyib.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri iqtisadçı Rövşən Ağayev də hesab edir ki, kənd yollarının təmiri və yenidən qurulmasında bələdiyyələrin iştirakı təmin edilməlidir.
Kənd əhalisinin iməciliklər təşkil edilərək yol çəkilişlərində işlədilməsinə gəldikdə isə R.Ağayev bunun sovet dövründən qalma ənənə olduğunu bildirdi: «Hazırda bu ənənə Azərbaycanda geniş tətbiq olunur. Bələdiyyə ərazisində yaşayan icra orqanları yolların çəkilişində, rayon daxilində işlərin görülməsində işlədir. Sonra isə icra orqanları bunu işlərə əlavə əmək qüvvəsinin cəlb edilməsi kimi rəsmiləşdirir. Nəticədə bu yolla büdcədən xeyli vəsait silinir. Bu isə vətəndaşların hüquqlarının kobud şəkildə pozulmasıdır».


«Pulu ustalıqla oğurlamaqdan söhbət gedirsə, bələdiyyələr icra orqanları qədər təcrübəli deyil»
Şəffaflıq məsələsinə gəldikdə R.Ağayev hesab edir ki, işlər elə şəkildə qurulmalıdır ki, prosesi mexanizmlər idarə etsin: «Hazırda isə prosesi mexanizmlər yox, fərdlər idarə edir. Belə olan halda ictimai vəsaitin mənimsənilməsi daha asan olur. Halbuki bu işlərin görülməsində vətəndaşlar şəxsən iştirak etməlidir. Bu işlər vətəndaşın gözü önündə getməyəndə nəticələr belə olacaq. Bəzən deyirlər ki, bələdiyyələrin yol çəkilişində təcrübəsi və lazımi texnikası yoxdur. Amma bələdiyyələr yol çəkən yox, yol çəkdirən qurumdur. Əgər pulu ustalıqla, gizli şəkildə oğurlamaqdan söhbət gedirsə, bələdiyyələr icra orqanları qədər təcrübəli deyil. Amma söhbət işin daha keyfiyyətli görməsindən gedirsə, bələdiyyələr bunu daha yaxşı icra edərdi. Çünki bələdiyyənin gördüyü işlərdə vətəndaşların iştirakı qaçılmazdır. Digər tərəfdən isə seçkili orqanlar nə qədər qapalı olsalar da, cəmiyyətə təyinatlı orqanlardan qat-qat açıqdılar».
İqtisadçı Vüqar Bayramov kənd yollarının təmirinə ayrılan vəsaitin xərclənməsində şəffaflığın təmini üçün bir sıra tədbirlərin görülməsini vacib sayır: «Bu gün dünyada asfalt korrupsiyası deyilən bir termin var. Çünki yolların yenidən qurulması və təmirində korrupsiya halları daha çox olur. Bu halların aradan qaldırılması və şəffaflığın təmini üçün standartların tətbiqinə ehtiyac var. Amma Azərbaycanda bu sahədə standartlar yoxdur. Ayrılan vəsaitlərin həcmi isə reallıqdan dəfələrlə artıq olur. Avropada işçi qüvvəsi Azərbaycandan dəfələrlə bahadır. Bizim Avropa ölkələrindən daha artıq qiymətə başa gələn yollarımız isə keyfiyyətdə Avropada çəkilən yollara bir neçə dəfə uduzur».
Son illərin təcrübəsi göstərir ki, ölkə ərazisində nəinki kənd yolları, hətta respublika əhəmiyyətli yollar çəkiləndən bir müddət sonra dağıntıya məruz qalır. Bunun əsas səbəblərindən biri isə bu işlərin görülməsi zamanı şəffaflığın təmin edilməməsi və görülən işlərə ictimai nəzarətin olmamasıdır. İcra orqanları hər vəchlə ictimaiyyəti bu işlərdən kənarda saxlayaraq büdcə vəsaitini mənimsəməyə çalışır. Belə olan halda yolların istismara verilməsindən bir neçə ay sonra dağılmasına, təəccüblənməyə dəyməz…
Xalid VAHİDOĞLU
Yazı Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun “Media və İctimai Vəsaitlərin Şəffaflığı” layihəsi çərçivəsində elan etdiyi jurnalist müsabiqəsinə təqdim olunur