XƏZƏRDƏ YENİ ŞƏHƏR LAYİHƏSİ 100 MİLYARD DOLLARA BAŞA GƏLƏCƏK
"Khazar Islands"ın tikintisi 100 mlrd. dollara başa gələcək
27-01-2012
FaktXeber.com xəbər verir ki, Azərbaycanda ilk dəfə süni adaların üzərində şəhər salınır. Qırx süni adanın üzərində müasir şəhərsalma tələblərinə cavab verən “Khazar İslands” layihəsinin birinci mərhələsi üzərində ciddi iş aparılır.
Layihə ilə bağlı tikinti 2010-cu ilin sentyabrında başlanıb. Buradakı tikililər 600 min sakinə hesablanıb. “Khazar İslands” Bakı şəhərindən 28 km məsafədə, Sahil qəsəbəsinin şimal-şərq hissəsində yerləşir. Tikinti işləri “Avesta” Konserni tərəfindən aparılır. Burada beynəlxalq standartlara cavab verəcək yaşayış binaları, ofislər, ticarət-əyləncə mərkəzləri, bir sözlə, insanın ehtiyacını təmin edəcək bütün şəraitlər təklif olunur. Hazırda 11 göydələndə və bir neçə sosial obyektlərdə tikinti işləri intensiv şəkildə davam etməkdədir. Tikintinin birinci mərhələsinin başa çatması 2013-cü ilin sonuna planlaşdırılır.
Xəzər dənizində yeni şəhərin - "Khazar Islands"ın salınması layihəsinin icrası təqribən 100 mlrd. ABŞ dollarına başa gələcək. Bu barədə "Khazar Islands" layihəsini inşa edən «Avesta» konserninin prezidenti Hacı İbrahim Nehrəmli bildirib.
Dənizdə süni arxipelaq üzərində salınacaq «Khazar Islands» ümumi sahəsi 3 min hektar olan 41 müxtəlif ölçülü adadan və onun üzərində salınmış 19 mikrorayondan ibarət olacaq. Arxipelaqın özü uzunluğu 8 km, eni 3 km olmaqla ümumilikdə 24 kv. km-i əhatə edəcək. Adaların bulvar xəttinin ümumi uzunluğu 50 km-ə çatacaq.
Tikinti işlərinə 10 ay əvvəl başlanıb, hazırda layihəyə daxil olacaq böyük adalardan birinin və onun üzərindəki 6-7 yaşayış binasının tikintisi gedir. Ümumilikdə, 2022-2023-cü ilədək tikiləcək şəhərin 1 mln. sakini olacaq. «Khazar Islands»ın satış və marketinq direktoru Kənan Quluzadənin verdiyi məlumata görə isə, bura ilk sakinlərin köçürülməsinə 2013-2014-cü illərdə başlanacaq.
Hələlik «Khazar Islands»ın tikintisi «Avesta» konserninin öz vəsaiti ilə aparılır. Amma tezliklə bura xarici investorların cəlb edilməsi nəzərdə tutulur. Ümumilikdə layihənin əsas hissəsinin tikintisi üçün tələb olunan 60 mlrd. dolların 30 mlrd-ı xarici investisiyalar, 30 mlrd-ı isə mənzillərin satışından gəlməlidir. Şirkət rəhbərliyi bildirir ki, bura yatırılan investisiyaların illik gəlirliyi 10-15% təşkil edəcək.
«Khazar Islands»da yaşayış binaları 25-60 mərtəbəli olacaq. Layihə müəllifləri tikililərin ən yüksək təhlükəsizlik standartlarına cavab verəcəyini və 9 bal zəlzələyə davam gətirəcəyini bildirirlər. Artıq burada mənzillərin satışına başlanıb. Tam təmirli şəkildə təhvil veriləcək mənzillərin 1 kv. metrinin qiyməti 3500-4100 manatdır. Burada evləri 15 illik ipoteka kreditləri ilə də almaq olar - satışın başlandığı son 45 gün ərzində artıq 50 mln. manatlıq əmlak satılıb.
«Khazar Islands»da biznes və ticarət obyektləri, 150 məktəb, 50 bağça və xəstəxanalar, kinoteatr, teatr, restoran və ticarət mərkəzləri tikiləcək. Ümumilikdə, kompleksdə 22 mln. kv. metri yaşayış sahəsi, 8 mln-u mənzillər, 4 mln-u ticarət və biznes sahələri, daha 4 mln-u isə otellər və apartamentlər təşkil edəcək.
Layihənin özəlliklərinə hündürlüyü 1 km-dən yüksək olan «Azərbaycan qülləsi» ilə yanaşı, ayrıca adada yerləşəcək aeroport, «Formula-1» trası və universitetlər üçün kampusun yaradılması da daxildir. Gələcəkdə «Khazar Islands»ın inzibati idarəetmə sisteminin - meriyanın yaradılacağı və layihəyə şəhər statusu veriləcəyi gözlənilir. apa