Biz səninlə bir şəhərdə yaşayırıq. Geniş, işıqlı, gur yaraşıqlı, ölməz rəhbər adına əbədiləşən küçələrin sonuclandığı “göydələn”lərdə sən, şeyx həzrətlərinin minarə boyunca ucaltdığı villalardan daşınan “ehsan qırıntıları”nın töküldüyü yerdə mən yaşayıram, əzizim. Hərəmiz bir kişinin övladı. O sənin güzəranın, bu mənim.
Biz səninlə bir şəhərdə yaşayırıq. Oğru hakimiyyət təbəələrinin ciblərdən telefon oğurladığı, şəkillərlə bəzədilmiş çirkli avtobuslarda məşğulluq idarəsinə pənah aparan mən, motal qarnınla sükanını fırlatdığın “Mersedes”lə quldur vəzifə başına can atan sən.
Biz səninlə bir şəhərdə yaşayırıq. Bu şəhərin “xüsusi dəhliz”i ilə şütüyüb üz tutduğun, kimsənin həndəvərinə yaxın düşə bilmədiyi qəsri-qalada harın həyat yaşamaq sənin payına, yayında baş qaynadıb, qışında qazan qaynatmağın kasıb komada xiffətini çəkmək mənim payıma düşüb, əzizim.
Biz səninlə bir şəhərdə yaşayırıq. Mavi Xəzərin öz dövrəsinə aldığı şəhərdə. Girişi kasıblar üzünə bağlanmış pullu çimərliklərdə şellənmək, sağır malı yeməkdən qızğınlaşan dağarcıq-vücudunu Xəzərin qoynunda sərinlətmək sənin, Novxanıdakı duzlu gölməçələrdən dizə qədər çırmalanıb, duzdan ruzi çıxarmaq mənim qismətimə yazılıb, əzizim.
Biz səninlə bir şəhərdə yaşayırıq. Hərəmizin bir dərddən xəstələndiyi şəhərdə. Sən qalaq-qalaq pulun, şan-şöhrətin, qarınpalaq piyin xəstəsi, mən şərəf adlı ağır yolun içindən keçən əsəbin, kor taleyin xəstəsi. Sənin əlac yolun qabırğana döşənmiş yeddiqat piyin soyulmağından, mənim şəfqət yolum quru candan əl üzüb, mələklər ağuşunda o dünyaya üz tutmağımdan keçir, əzizim.
Biz səninlə bir şəhərdə yaşayırıq. Sənə ucuz şöhrətin təmtəraqlı toyunun, mənə qəm-möhnətin ölüm soraqlı vayının qurulduğu şəhərdə. Bu şəhərin pişik tumarı ilə əcnəbilər qoynunda göbək atan qara gözlü bar qızları sənin payına, bu şəhərdən itkin düşüb, əsirlikdə yasın quran qara üzlü vətən qızlarının halına yanmaq mənim payıma düşüb, əzizim.
Biz səninlə bir şəhərdə yaşayırıq. Sənin şəhərin daha varlı, daha zəngin. Mənim şəhərim kasıb, misgin, it günündədir, əzizim. Sənin şəhərində “Şuşa”, “Çanaqqala”, “Zəngəzur”, “Xarı Bulbül”, “Xan qızı” var, əzizim. Al şərabdan gillədib, gur səsini zillədirsən o mədəxanalarda. Pırtlamış gözlərin saqilərin titrək əndamına dirənik halda yalançı vətən həsrətindən, qeyrətdən dəm vurursan. ”Dərd” sənə güc gələndə hələ bir arsız-arsız “Yanıq Kərəm”ə yan da atırsan. Mənimsə nə Şuşam, nə Göyçəm, nə də Xarı bülbülüm var. Sənin şişmiş, piylənmiş vücudun atlanıb düşür, mənim quru canım ət tökür bu şəhərdə, əzizim.
Biz səninlə bir şəhərdə yaşayırıq. Sənin şəhərin mamlı-matan, mənim şəhərim halıma baxıb, hamı mənə söz atan. Düzünü bilmək istəyirsənsə, sən bu şəhərə daha çox yaraşırsan. Sənin ütülü görkəmin, tər tökə-tökə qurşaq aşağı qalstuk sallamağın, dar-düdük şalvarla, erməni burnuna oxşar ucumiz ayaqqabın, “padnoy moy” danışıq tərzin, buruntaqlı itin, bilərzikli, boyunbağılı əndamınla burcuda-burcuda yeriməyin bu şəhərə lap can verir, əzizim. Mənim işim bu şəhərlik deyil. Rəngləri uyğun gəlməyən geyim dəstim, “kəndəvoy” yerişim, evə çatana qədər əlimdəki bazarlığı kimsəsizlərə paylamağım, yolun bu üzündən o üzünə qışqıraraq öləndən-qalandan, viranə qalmış yurdlardan xəbər tutmağım sənin mamlı-matan şəhərinin tərzinə uyğun deyil, əzizim.
Neyləyim ki, mənim xəcalət, sənin ləzzət çəkdiyin bu şəhərdən baş götürüb getməyə, qərar tutub asudə yaşamağa nə üz tutulası yerim, nə də könlüm tək viranə qalan o yurdlara gedib çatmağa taqətim qalmayıb, əzizim.
Nurəddin İsmayıl