ABŞ POLİSLƏRİNƏ MÜSƏLMANLARA NİFRƏT YARADAN XÜSUSİ FİLM NÜMAYİŞ ETDİRİLİR
Nyu-Yorkda kurs keçən polislərə təlim əsnasında müsəlmanların terrosist olmasını əks etdirən film izlədilib
27-01-2012
FaktXeber.com-un “New York Times” qəzetinə istinadən verdiyi məlumata görə, "Cihad 3" adlı sənədli filmdə müsəlmanlar terrorist və xristianların qatili kimi nümayiş etdirilir. Filmdə terrorist kimi göstərilən müsəlmanlar ABŞ ərazisində terror hadisələri törədir və Ağ evə “İslam bayrağı” sancırlar. Müsəlmanların 1400 ildir ki, Qərbə qarşı müharibə etdiyini əks etdirən film, 1500 nəfər ABŞ polisi tərəfindən izlənilib. Filmdə müsəlman uşaqlar terrorist kimi göstərilib. Eyni halda filmdə silah müsəlmanların müqəddəs dəyəri kimi təqdim olunub. Skandalla bağlı məlumatın yayılmasından sonra Nyu-Yorkda yaşayan müsəlmanlar polisləri ciddi şəkildə tənqid ediblər. Nyu-Yorkun Baş Polis İdarəsinin rəisi və filmdə müsahibə verən Raymond Kelli baş vermiş olayla bağlı üzr istəməsinə baxmayaraq, ABŞ-lı müsəlmanlar onun istefasını tələb ediblər.
Qeyd edək ki, amerikalı müsəlmanlar skandalın əsl səbəbkarının polis rəisi olduğunu bildiriblər.
Bundan əlavə onu da qeyd etmək yerinə düşərdi ki, filmdə müsəlman kimi təqdim edilənlərin demək olar ki, hamısı vəhhabi əqidəsinə məxsus Əl-Qaidə və Taliban terrorçularıdır. Elə filmin başladığı ilk dəqiqələrdə bir neçə il əvvəl vəhhabi çeçenlər tərəfindən Beslanda törədilmiş terror aktının kadrlarının yerləşdirilməsi buna misaldır. Bundan əlavə, Qərbin işğalçı siyasətinə qarşı mübarizə aparn və Amerika tərəfindən terror siyahısına salınmış təşkilatlar da filmdə mənfi obraz kimi təqdim edilir.