Ərəstun Oruclu: "Avropada baş verənlər ümumilikdə kəşfiyyat xarakterli dəyişiklikdir. Əgər cəmiyyət reaksiya verməsə, hakimiyyətlər bütövlükdə cəmiyyətin üzərinə yeriyəcəklər"
27-01-2012
“İqtisadi problemlərin Avropada baş alıb getməsi bu məsələlərin həllinin prioritetinə çevirib. Ona görə də çalışırlar ki, qalan məsələlərə bu rakursdan baxsınlar”.
Bu sözləri “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu, FaktXeber.com-un “Avropa Birliyi total xarakterli insan haqlarının pozulması qarşısında niyə susur” sualına aydınlıq gətirərkən bildirib.
Qeyd edək ki, ABŞ-ın “Human Rights Watch” təşkilatı Avropa Birliyinin insan haqlarının pozuntularına səssiz qalması ilə bağlı tənqidi bəyanat yayıb.
Avropa ölkələrinin iqtisadi böhranlardan istifadə edib insan haqlarını məhdudlaşdırmağa çalışdığını qeyd edən Ərəstun bəy, “baş verənlərin hamısı təbii bir haldır. İstənilən avtoritar və ya demokratik hakimiyyət çalışır ki, öz təsir dairəsini genişləndirsin. Avropada bunun şahidi oluruq”, - deyə bildirdi: “Güman etmirəm ki, Fransada tətbiq olunan qadağaların təkcə müsəlmanlara və orada yaşayan etnik azlıqlara təsiri var. Bu ümumilikdə kəşfiyyat xarakterli dəyişiklikdir. Əgər cəmiyyət reaksiya verməsə, hakimiyyətlər bütövlükdə cəmiyyətin üzərinə yeriyəcəklər.”
Baş verən hadisələrin əsl səbəbinin iqtisadi problemlə əlaqlə olduğunu qeyd edən politoloq, “yaranmış şəraitə uyğun olaraq hakimiyyətlər yaxın zamanda insanların mülkiyyətlərinə təcavüz edəcəklər. Ona görə də indidən bu məsələlərlə bağlı hüquqi baza yaratmaq qərarına gəliblər. Yəni iqtisadi soyğunçuluq hüquqi baza yaradıb. Amma güman edirəm ki, baş verən hadisələrin hansısa mərhələsində AB səsini çıxaracaq”, - deyə əlavə etdi.
“Human Rights Watch” təşkilatının Avropa Birliyi ilə bağlı yaydığı tənqidi bəyanatın ciddi mesaj olduğunu söyləyən politoloq, “istənilən halda Avropadan hər hansı bir reaksiyanın olması qaçılmazdır. Çünki Avropada güclü vətəndaş cəmiyyətləri mövcuddur”, - deyə vurğuladı: ““Human Rights Watch”, “Freedom House” kimi təşkilatlar Azərbaycanla bağlı hər hansı bir irad bildirəndə, hakimiyyət tərəfindən ciddi şəkildə tənqid atəşinə tutulur. Hakimiyyət belə bir addım atmaqdansa Avropa ilə bağlı verilən bəyanata baxsınlar ki, “Human Rights Watch” təkcə Azərbaycan haqqında danışmır.”