İMİŞLİ SAKİNİ AİLƏSİ İLƏ PREZİDENT APARATINA YÜRÜŞ EDƏCƏYİNİ BİLDİRİR
İmişli rayon icra hakimiyyəti başçısı Əbülfəz Ağayevdən şikayət var
27-01-2012 / 11:45
İmişlidəki məmur özbaşınalığı ilə bağlı yenə şikayət var. Şikayət məktubunda rayonun demək olar ki, bütün sahələrində ciddi problemlərin olduğu bildirilir. Təhsil, səhiyyə və digər sahələrdəki özbaşınalığın xalqın istismarına hesablandığı vurğulanır.
FaktXeber.com-un verdiyi məlumata görə, məmur özbaşınalığından şikayət edən İmişli rayon sakini Ağayev Əlixas Sahib oğlu M.Müşfiq küçəsi 107 saylı ünvanda yaşadığını bildirib. Onun sözlərinə görə, 27 yanvar 2012-ci il tarixdə İmişli rayon icra hakimiyyəti başçısı Əbülfəz Ağayevin səhlənkarlığı, vəzifəsinin öhdəsindən gələ bilməməsinin ucbatından evinin hasarını və darvazasını İcra Hakimiyyətinin əməkdaşları və məhkəmənin icraçıları uçurtmağı qərara alıblar: “Qərarı saxta sənədlər üstündə qurublar. Belə ki, İmişli rayon icra hakimiyyəti mənə 26.04.2010-cu ildə arayış verib ki, 107 saylı ünvanda darvaza açılsın. 18.11.2010-cu il tarixdə isə Hüseynəli Məmmədova arayış verilib ki, mənim darvazamın qarşısından mağaza tiksin. Hörmətli media nümayəndələri bu gün icra hakimiyyəti başçısı və rayonun baş memar şəxsi maraqları üçün iki ailə üzvlərini qarşı-qarşıya qoyur və bizləri dövlətimizdən narazı salmağa çalışırlar. Bu gün də rayon Məhkəməsi icra başçısının və baş memarın saxta sənədinə baxaraq və qarşı tərəfdən pul alaraq mənim darvazamın sökülməsi üçün qərar çıxarıb. Rayonda özbaşınalıq baş alıb gedir. Vətəndaşların hüquqları tapdalanır, artıq dərdimizi kimə deməklə bağlı lap çaş-baş qalmışıq. Əlimdə rəsmi sənədlərim ola-ola mənim sabah darvazamı sökəcəklər. Budurmu haqq-ədalət? Budurmu insan haqlarına hörmət?
Əgər sabah İcra Hakimiyyətinin əməkdaşları və məhkəmənin icraçıları mənim darvazamı söksələr, Ağayevlər ailəsi Bakı şəhərinə Prezident Aparatına yürüş edəcəklər.”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.