"Xocalı soyqırımı Azərbaycan tarixinin və ümumiyyətlə, insanlıq tarixinin ən qanlı və dəhşətli səhifələrindən biridir"
27-01-2012
FaktXeber.com-un verdiyi məlumata görə, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Xocalı soyqırımını kəskin pisləyən yazılı bəyanat yayılıb. Sənədi Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva hazırlayıb. Müxtəlif ölkələrdən olan millət vəkilləri yazılı bəyanata imza atıblar. Bəyanat qəbul olunub və assambleyanın iclasında qurumun sədri Jan-Klod Minyon tərəfindən elan olunaraq vəkillər arasında yayılıb.
Bəyanatda deyilir: “Xocalı soyqırımı Azərbaycan tarixinin və ümumiyyətlə, insanlıq tarixinin ən qanlı və dəhşətli səhifələrindən biridir. Bu amansız və qəddar soyqırım bəşəriyyət tarixində törədilmiş ən qeyri-insani və kütləvi xarakterli terror aktlarından biridir., Ermənistan Silahlı Qüvvələrinin Rusiyaya (Sovet) məxsus 366-cı motoatıcı, piyada alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərini işğal etməsi və onun dinc sakinlərini etnik türk mənsubiyyəti səbəbindən amansızcasına soyqırıma məruz qoymasının bu il fevralın 26-da 20 ili tamam olur. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan daxil olmaqla, 613 nəfər amansızlıqla qətlə yetirilib, 1000-ə yaxın müxtəlif yaşlarda dinc mülki əhali şikəst edilib, 8 ailə tamamilə məhv edilib. 130 uşaq bir valideynini, 25 uşaq hər iki valideynini bu soyqırım zamanı itirib. 1275 mülki vətəndaş girov götürülüb, onlardan 150-nin taleyi hələ də naməlumdur”.
AŞ PA-da qəbul edilən yazılı bəyanatda həmçinin deyilir ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Xocalı şəhərini tamamilə yerlə-yeksan edib: “Bütün bunları nəzərə alaraq, biz (sənədi imzalayan millət vəkilləri) beynəlxalq ictimaiyyəti, o cümlədən AŞPA-nı bu qeyri-insanı, qəddar cinayəti pisləməyə, habelə Ermənistan Silahlı Qüvvələri tərəfindən bəşəriyyət əlehinə törədilmiş bu qanlı aksiyaya müvafiq hüquqi və siyasi qiymət verməyə çagırırıq”.